Kəlbəcər Azərbaycanın zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və böyük enerji potensialına malik olan füsunkar bölgələrindən biridir. Bu qədim diyarın işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri regionun gələcək inkişafı üçün yeni imkanlar yaradıb. Xüsusilə enerji infrastrukturunun yenidən qurulması, alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu layihə işğaldan azad edilmiş ərazilərdə enerji təminatının gücləndirilməsi, təbii resurslardan səmərəli istifadə və yaşıl enerji istehsalının genişləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardandır.
Tarixi irsin müasir enerji ilə qovuşduğu ünvan – Kəlbəcərdə “Soyuqbulaq” SES-in açılışı
Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı 25 avqust 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayona səfəri çərçivəsində baş tutub. 5,3 MVA gücündə olan stansiyanın yenidən qurularaq istifadəyə verilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerji strategiyasının həyata keçirilməsi istiqamətində mühüm hadisədir.
Kəlbəcər rayonu təbii sərvətləri, zəngin su ehtiyatları, dağ çayları və əlverişli relyefi ilə Azərbaycanın hidroenerji potensialı baxımından seçilən bölgələrindəndir. Bu imkanlardan səmərəli istifadə edilməsi regionun iqtisadi inkişafına, enerji təminatının möhkəmləndirilməsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir. “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının fəaliyyətə başlaması da məhz bu məqsədlərə xidmət edir.
Stansiya Kəlbəcər ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşir. İşğal dövründə tamamilə dağıdılmış bu enerji obyekti azadlıqdan sonra müasir texnologiyalar əsasında yenidən qurulub. Stansiyanın əvvəlki vəziyyətindən əsər-əlamət qalmayan ərazidə yeni infrastrukturun yaradılması dövlətimizin quruculuq əzmini və işğaldan azad edilmiş torpaqlara göstərilən diqqəti aydın nümayiş etdirir.
Yenidənqurma işləri çərçivəsində baş suqəbuledici qurğu, 6 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı inşa edilib. Burada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerji sisteminə qoşulması üçün 6 kilometr uzunluğunda 6 kilovoltluq kabel xətti çəkilib, həmçinin optik kabel əlaqəsi yaradılıb. Ehtiyat enerji təminatı üçün dizel generatoru da quraşdırılıb.
Layihənin ən mühüm xüsusiyyətlərindən biri müasir idarəetmə sisteminin tətbiqidir. “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerji sisteminə tam inteqrasiya olunaraq məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Bu texnologiya stansiyanın fəaliyyətinə operativ nəzarət edilməsinə, istehsal prosesinin səmərəli idarə olunmasına və texniki təhlükəsizliyin təmin edilməsinə şərait yaradır.
Rəsmi məlumatlara əsasən, stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulub. Bu göstərici “Soyuqbulaq”ın Kəlbəcərin enerji potensialının reallaşdırılmasında və bölgənin elektrik təminatının gücləndirilməsində mühüm rol oynadığını göstərir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu strategiya çərçivəsində su, günəş və külək enerjisi potensialından istifadə xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərdə kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin yaradılması bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, “Soyuqbulaq” stansiyası Kəlbəcərdə bərpa edilən yeganə enerji obyekti deyil. “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Çıraq-1” və “Çıraq-2” kimi kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi də bölgənin enerji infrastrukturunun inkişafına xidmət edir. Bu layihələr Kəlbəcərin gələcəkdə Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Enerji infrastrukturunun inkişafı Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki insanların doğma torpaqlarına qayıdışı yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. Bunun üçün elektrik enerjisi, su, qaz, rabitə, yol, təhsil, səhiyyə və digər zəruri infrastruktur sahələri də müasir tələblərə uyğun qurulmalıdır. “Soyuqbulaq” kimi enerji layihələri bu böyük prosesin ayrılmaz tərkib hissəsidir.
Ruhiyyə Hüseynova
YAP Ordubad rayon təşkilatının fəalı