25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın tarixi torpaqlarına qayıdışının, milli iradəsinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüzün bərpasının rəmzidir. Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər öz füsunkar təbiəti, zəngin tarixi, qədim mədəniyyəti və strateji əhəmiyyəti ilə hər zaman seçilib. Uzun illər işğal altında qalan bu qədim diyarın azadlığı xalqımızın ən böyük arzularından birinin gerçəkləşməsi deməkdir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində ağır dağıntılara və talanlara məruz qalmışdır. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri, sosial infrastrukturu dağıdılmış, sakinləri doğma yurdlarından didərgin salınmışdır. Buna baxmayaraq, kəlbəcərlilərin doğma torpağa qayıtmaq ümidi heç vaxt sönməmiş, Azərbaycan xalqı bu tarixi ədalətsizliyin aradan qaldırılacağına inamını qoruyub saxlamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi taleyində yeni mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək xalqımıza möhtəşəm Qələbə sevincini yaşatdı. Ermənistanın kapitulyasiyasını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarıldı. Bununla da Kəlbəcərin azadlığı hərbi-siyasi qələbəmizin mühüm nəticələrindən birinə çevrildi.
Kəlbəcərin azad olunması Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatik məharətinin və Ordumuzun qüdrətinin parlaq təzahürü oldu. Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcərə səfəri zamanı şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi hadisəyə çevrildi. Dövlət başçısının həmin səfəri Kəlbəcərin dirçəldilməsi və yenidən qurulması istiqamətində həyata keçirilən siyasətin başlanğıc mərhələsinin mühüm göstəricisi idi. Kəlbəcər Azərbaycanın ən zəngin təbii sərvətlərə malik bölgələrindən biridir. Murovdağ silsiləsi, uca dağları, sıx meşələri, mineral su bulaqları, çayları və füsunkar yaylaqları bu diyarın təbiətinə xüsusi gözəllik bəxş edir. İstisu mineral bulaqları, qədim tarixi abidələr, zəngin mədəni irs Kəlbəcərin turizm potensialını daha da artırır. Bu torpaqların iqtisadi imkanlarından səmərəli istifadə edilməsi, turizmin, kənd təsərrüfatının, heyvandarlığın və digər sahələrin inkişaf etdirilməsi qarşıdakı dövrün mühüm istiqamətlərindəndir.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun yaradılması, elektrik enerjisi, su və digər kommunal xidmətlərin təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırılır. Yeni yaşayış binaları, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri və digər infrastruktur layihələri Kəlbəcərin gələcək inkişafına xidmət edir. Böyük Qayıdış siyasətinin tərkib hissəsi olaraq kəlbəcərlilərin doğma yurdlarına qayıdışı da təmin edilir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə mühüm tarixi hadisədir. Uzun illər doğma torpaq həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin tam bərpasının təcəssümüdür. Kəlbəcərin dirçəldilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin mühüm istiqamətlərindən biridir. Burada aparılan işlər dövlətimizin iqtisadi qüdrətini, xalqımızın qurub-yaratmaq əzmini və gələcəyə inamını nümayiş etdirir. Məqsəd Kəlbəcəri müasir, təhlükəsiz, rahat yaşayış şəraitinə malik, iqtisadi və turizm baxımından inkişaf etmiş şəhərə çevirməkdir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilmişdir. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərimizin tarixinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il bu əlamətdar günün qeyd olunması Kəlbəcərin azadlığı uğrunda mübarizə aparan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramın ifadəsidir. Bu gün Kəlbəcər yalnız azad edilmiş bir şəhər deyil, həm də Azərbaycanın gücünün, milli birliyinin, sarsılmaz iradəsinin və tarixi qayıdışının rəmzidir. Bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı heç zaman unudulmayacaqdır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər qarşıdakı illərdə Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Doğma yurduna qayıdan kəlbəcərlilərin sevinci, burada aparılan quruculuq işləri və yüksələn üçrəngli bayrağımız bu qədim diyarın yeni inkişaf tarixini yazır.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi