PDF Oxu

Siyasət

  • 274

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: dostluqdan qarşılıqlı faydalı tərəfdaşlığa - ŞƏRH

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: dostluqdan qarşılıqlı faydalı tərəfdaşlığa - ŞƏRH

Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Bu baxımdan, Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnam ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Vyetnam münasibətləri uzun illər ərzində formalaşmış dostluq ənənələrinə, qarşılıqlı etimada və xalqlarımız arasında mövcud olan səmimi münasibətlərə əsaslanır. Bu gün həmin münasibətlər yeni siyasi reallıqlar fonunda daha geniş məzmun qazanaraq qarşılıqlı faydalı tərəfdaşlıq istiqamətində inkişaf edir.
İki xalq arasında dostluğun tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri Azərbaycan–Vyetnam münasibətlərinin tarixində mühüm hadisə kimi yadda qalıb. Bu səfər xalqlarımız arasında qarşılıqlı rəğbətin və dostluğun möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib. 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, iki xalq arasında uzunmüddətli əməkdaşlıq ənənələrinin formalaşmasına xidmət edib.
1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə bu tarixi dostluq müstəqil dövlətlər səviyyəsində yeni məzmun qazandı. Azərbaycan və Vyetnam qarşılıqlı maraqlar əsasında siyasi əlaqələrini inkişaf etdirməyə, beynəlxalq təşkilatlarda əməkdaşlıq imkanlarını genişləndirməyə başladılar. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter almasına mühüm töhfə verdi. Bu səfərlər zamanı keçirilən görüşlər iki ölkənin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi.
Münasibətlərin inkişafında mühüm mərhələlərdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri oldu. Səfər çərçivəsində aparılan danışıqlar iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdı. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu proses göstərdi ki, Azərbaycan və Vyetnam ənənəvi dostluq əlaqələrini müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək və daha geniş əməkdaşlıq müstəvisi formalaşdırmaq niyyətindədirlər.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan–Vyetnam münasibətlərinin təxminən 70 illik tarixini xatırladaraq, bu dostluğun əsasını qoymuş liderlərin xidmətlərini xüsusi qeyd etdi. Prezidentin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında davamlı şəkildə dərinləşməsidir. Bu yanaşma dövlətlərarası münasibətlərin yalnız tarixi ənənələr üzərində deyil, həm də müasir beynəlxalq şəraitdə ortaq maraqların uzlaşdırılması əsasında inkişaf etdiyini göstərir.
İki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsində hökumətlərarası komissiyaların, müvafiq dövlət qurumlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyəti mühüm rol oynayır. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı da siyasi dialoqun mühüm istiqamətlərindəndir. Hakim siyasi partiyalar arasında təcrübə mübadiləsi, qarşılıqlı təmaslar və fikir mübadiləsi dövlətlərarası münasibətlərin ictimai-siyasi əsaslarının möhkəmləndirilməsinə imkan yaradır. Bütün bunlar əməkdaşlığın yalnız ali səviyyəli görüşlərlə məhdudlaşmadığını, müxtəlif institusional platformalarda da davam etdirildiyini nümayiş etdirir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətə xüsusi önəm verirlər. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlıq ölkələrimizin ortaq maraqlarının ifadəsi baxımından əhəmiyyətlidir. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət, qarşılıqlı etimad və bərabərhüquqlu münasibətlər bu əməkdaşlığın əsasını təşkil edir. Müasir beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin və yeni çağırışların mövcud olduğu şəraitdə bu prinsiplərə əsaslanan dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Xalqlarımız arasında dostluq münasibətlərinin səmimiliyi çətin anlarda göstərilən qarşılıqlı dəstəklə də təsdiqini tapır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” tayfununun dağıdıcı nəticələrinin aradan qaldırılması, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün maliyyə yardımı göstərib. Bu fakt dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlardan ibarət olmadığını, humanitar həmrəylik və qarşılıqlı dəstək kimi dəyərlərə də söykəndiyini göstərir.
2026-cı il noyabrın 19–21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri münasibətlərin inkişafında növbəti mühüm mərhələ oldu. Səfər çərçivəsində Vyetnamın dövlət və hökumət rəhbərləri ilə keçirilən görüşlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdı. Dövlət başçısının səfər ərəfəsində ifadə etdiyi qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi gözləntisi keçirilən görüşlər və əldə olunan razılaşmalarla daha konkret məzmun qazandı.
Azərbaycan–Vyetnam münasibətlərinin bugünkü inkişaf mərhələsi göstərir ki, uzun illər ərzində qorunub saxlanılan dostluq ənənələri müasir dövrün çağırışlarına uyğun olaraq yeni əməkdaşlıq imkanları yaradır. Qarşılıqlı siyasi etimad, davamlı dialoq və beynəlxalq platformalarda əməkdaşlıq iki ölkənin münasibətlərini daha da möhkəmləndirən əsas amillərdir. Qarşıdakı dövrdə bu əlaqələrin ardıcıl inkişafı, əldə olunmuş razılaşmaların həyata keçirilməsi və xalqlarımız arasında təmasların genişləndirilməsi Azərbaycan–Vyetnam tərəfdaşlığının yeni məzmununu müəyyən edəcəkdir.

Şahin Abdiyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Cəngan kənd İƏD üzrə nümayəndə

Digər xəbərlər