Tarixi köklər üzərində qurulan Azərbaycan-Vyetnam münasibətləri müasir dövrdə
yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. Dostluq əlaqələrinin əsasları hələ ötən əsrdə Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya və Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulub. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra əməkdaşlıq yeni hüquqi-siyasi müstəvidə inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi, 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, həm də Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın Azərbaycana dövlət səfəri və səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarıb. Bu
sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada,
Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq
imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi iki ölkənin tarixi
köklərə əsaslanan münasibətlərinin müxtəlif sahələr üzrə inkişafının aydın mənzərəsini təqdim etdi. Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkə, Azərbaycanın isə Cənubi Qafqazda əsas logistika və energetika habı olduğunu vurğulayan dövlət başçısı tərəflərin qüvvələrini birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada biləcəyini qeyd etdi. Şübhəsiz ki, bu əməkdaşlıq ölkələr və xalqlar üçün nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən geniş hüquqi baza formalaşıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, kənd təsərrüfatı, rəqəmsal inkişaf, elm, təhsil və turizmə qədər uzanan tərəfdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin 19-21 noyabr tarixlərində Vyetnama rəsmi səfəri siyasi dialoqun növbəti mühüm mərhələsi kimi dəyərləndirilir. Hanoyda dövlət başçıları arasında geniş tərkibdə görüş keçirildi, Birgə Bəyanat qəbul edildi və müxtəlif sahələri əhatə edən yeni sənədlər imzalandı. Müzakirələrdə ənənəvi
neft-qaz əməkdaşlığı ilə yanaşı, bərpaolunan və yaşıl enerji layihələri, SOCAR və
“Petrovietnam” arasında əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin
şaxələndirilməsi və Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu)
çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı diqqət mərkəzində oldu.
Görüşlərdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəyin iki ölkə arasındakı siyasi etimadın göstəricisi olduğu vurğulandı. Xüsusilə Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə ədalətli mövqe sərgiləməsi, eləcə də çətin anlarda qarşılıqlı humanitar və maddi dəstək göstərilməsi Azərbaycanda yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində humanitar əməkdaşlığın xalqları və dövlətləri birləşdirən möhkəm körpü rolunu oynadığını bildirdi. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal töhfə verir. Fondun fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.
Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir.
Hər iki ölkənin aparıcı universitetləri tərəfdaşlıq müqavilələri və memorandumlar
imzalayıb. Möhkəm dostluq bağları çətin anlarda yardımlaşmada da özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrinin aradan qaldırılması, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlinməsi üçün Azərbaycan maliyyə yardımı göstərdi. Qısa təhlil bunu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri 70 illik tarixə malik Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilən mühüm addımların atılması və prioritetlərin müəyyənləşdirilməsi ilə tarixə yazıldı.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri