“Maraqlar toqquşması haqqında” qanun layihəsi hüquqi tənzimləmənin fəlsəfəsini cəzalandırıcı yanaşmadan preventiv, riskəsaslı və idarəedici modelə keçirir. Layihənin əsas mahiyyəti maraqlar toqquşmasını birbaşa hüquqpozma deyil, idarəolunması mümkün olan institusional və etik risk kimi qiymətləndirməkdir.
SİA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.Deputat bildirib ki, layihədə real, potensial və təəssürat yaradan maraqlar toqquşması arasında dəqiq sərhədlər müəyyənləşdirilir. Bu yanaşma həm faktiki ziddiyyətləri, həm də vəzifəli şəxsin qərəzsizliyinə dair cəmiyyətdə əsaslı şübhə yaradan halları hüquqi nəzarətə daxil edir. Onun sözlərinə görə, “digər yaxınlar”, “maraqlı şəxs” və benefisiar mülkiyyət meyarlarının geniş təsviri şəxsi maraqların gizli və dolayı yollarla reallaşdırılması ehtimalını məhdudlaşdırır.B.Məhərrəmov qeyd edib ki, layihənin mühüm xüsusiyyətlərindən biri tənzimləmənin vəzifə müddətindən sonrakı mərhələni də əhatə etməsidir. Vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra iki il müddətində dövlət və ya bələdiyyə adından təmsilçilik, nəzarət, eləcə də müqavilə münasibətlərində olduğu özəl subyektlərlə əmək və mülki-hüquqi əlaqələrə dair məhdudiyyətlər keçmiş vəzifənin gələcəkdə iqtisadi və ya inzibati təsir vasitəsinə çevrilməsinin qarşısını almağa xidmət edir.Deputatın sözlərinə görə, məlumatlandırma və bəyanetmə öhdəlikləri ilə yanaşı, konfidensial məsləhət mexanizminin yaradılması vəzifəli şəxslərə qeyri-müəyyən etik vəziyyətlərdə vaxtında hüquqi və etik yardım almaq imkanı verir. Maraqlar toqquşmasının nəticələrinin aradan qaldırılması üçün könüllü əvəzin ödənilməsi, məhkəmə qaydasında dövlət nəfinə alınma, eləcə də belə hallar nəticəsində qəbul edilmiş aktların ləğvi mexanizmləri nəzərdə tutulur.O vurğulayıb ki, vahid və sistemli qanunun qəbulu “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın məqsədlərinə uyğundur. Bu, preventiv mexanizmlərin institusionallaşdırılmasına, beynəlxalq standartlara uyğunlaşmanın gücləndirilməsinə, ölkənin idarəetmə keyfiyyəti, şəffaflıq və investor etimadı ilə bağlı beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına hüquqi zəmin yaradır.B.Məhərrəmov bildirib ki, qanun layihəsi idarəçilik sistemində maraqlar toqquşması riski yaradan sahələri əhatə etsə də, milli və mənəvi istiqamətlərdə, tarixi müstəvidə milli maraqlarla ziddiyyət təşkil edən reallıqlar da mövcuddur. Onun fikrincə, zaman keçdikcə ayrı-ayrı qrupların maraqları tarixi reallıq kimi təqdim edilərək milli maraqlarla qarşı-qarşıya qoyulur.Deputat bu məsələyə nümunə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılmasını və üçrəngli bayrağın rəsmi bayraq kimi qəbul edilməsini göstərib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixinin niyə 18 oktyabr 1991-ci ildən hesablandığına diqqət çəkərək bildirib ki, həmin tarixdə qəbul edilən müstəqillik aktı mühüm tarixi hadisə olsa da, bundan bir il əvvəl Ulu Öndər Heydər Əliyev Naxçıvanda müstəqillik istiqamətində mühüm siyasi qərarlar qəbul edib.B.Məhərrəmov Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə münasibət bildirdiyini xatırladıb. O qeyd edib ki, dövlət başçısının həmin tarixi böyük təmtəraqla qeyd etməyin yersiz olduğu barədə səsləndirdiyi mövqe də nəzərə alınmalıdır.Deputatın fikrincə, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tarixi addımların lazımi səviyyədə qiymətləndirilməməsi və obyektiv tarixi ədalətin bərqərar olunmaması milli mənafe ilə müəyyən qrupların maraqları arasında ziddiyyət yaradır. O bildirib ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin tarixini bir il sonrakı hadisə ilə məhdudlaşdırmaq və xalqı sovetlər birliyində müstəqilliyə ən son can atan xalq kimi təqdim etmək ədalətsizlikdir.“Biz bu reallığa da maraqlar toqquşmasının başqa üzü kimi baxmalıyıq. Hesab edirəm ki, cari qanunun fonunda milli maraqlarla ziddiyyət təşkil edən məqamların da, o cümlədən normativ yolla aradan qaldırılmasına nail olmalıyıq”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Müəllif: Günay Hacıyeva