PDF Oxu

Siyasət

  • 863

"Vyetnamla hərtərəfli əməkdaşlığın inkişafı Azərbaycan üçün yeni perspektivlər vəd edir" - ŞƏRH EDİLDİ

"Vyetnamla hərtərəfli əməkdaşlığın inkişafı Azərbaycan üçün yeni perspektivlər vəd edir" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Vyetnama səfəri bir neçə nöqteyi-nəzərdən əhəmiyyətlidir. İlk növbədə, bu səfər Azərbaycanın çoxvektorlu xarici siyasət kursu həyata keçirdiyinin növbəti təsdiqidir. Azərbaycan təkcə Qərbi Avropa, Yaxın və Orta Şərq ölkələri ilə deyil, eyni zamanda Cənub-Şərqi Asiya və qlobal Cənub ölkələri ilə də hərtərəfli tərəfdaşlıqların qurulmasında maraqlı və təşəbbüskardır".Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, bu səfər Azərbaycanın iqtisadi-ticarət münasibətlərini və əlaqələrini xarici siyasətin mühüm istiqamətlərindən birinə çevirdiyinin daha bir ifadəsidir:"Digər tərəfdən, Vyetnamla inkişaf etdirilən əməkdaşlıq Azərbaycanın strateji tərəfdaşlıq coğrafiyasını genişləndirmək istiqamətində həyata keçirdiyi siyasətin səmərəsini nümayiş etdirir. Azərbaycan indiyədək Avropa, Asiya və Amerikanın bir sıra ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri qurub. On beşdən artıq Avropa dövləti Azərbaycanın strateji tərəfdaşıdır. Bu coğrafiya indiyədək Avropanı, Amerikanı, Mərkəzi Asiyanı və Çini əhatə edib. Lakin Cənub-Şərqi Asiya istiqamətində Vyetnamla strateji əməkdaşlığın qurulması zərurəti də hiss olunurdu və bu, vacib istiqamətlərdən biri idi.Məhz buna görə Vyetnamla Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi həqiqətən strateji məzmun daşıyır və xarici siyasətimizdə yeni bir səhifə açır. Eyni zamanda, Vyetnamla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın dövlətlərarası münasibətlərə tarixi ənənələr prinsipi əsasında yanaşmağa üstünlük verdiyini təsdiqləyir. Vyetnam hələ sovet dövründən Azərbaycanın əhəmiyyətli tərəfdaşlarından biri olub. Xüsusilə humanitar, mədəniyyət və təhsil sahələrində Vyetnam-Azərbaycan əməkdaşlığının təməli məhz həmin dövrdə qoyulub.Buna görə də Vyetnamla Azərbaycan arasında əlaqələrin inkişafı təkcə bu iki ölkə üçün deyil, həm də Cənub-Şərqi Asiyanın Azərbaycan vasitəsilə Avropaya daha geniş çıxış əldə etməsi baxımından əhəmiyyətli hadisədir. Təsadüfi deyil ki, şərhçilər və ekspertlər Vyetnamın Azərbaycan üzərindən Avropaya çıxış əldə etməsini, eləcə də Avropa ilə ticarət-iqtisadi əlaqələrini genişləndirməsini real imkan və fürsət kimi dəyərləndirirlər. Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafı təkcə regional və kontinental deyil, müəyyən mənada qlobal əhəmiyyət daşıyan hadisə kimi də qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər