Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli yaddaşında və mənəvi dünyasında xüsusi yeri olan Kəlbəcər özünəməxsus təbiəti, zəngin tarixi-mədəni irsi və strateji əhəmiyyəti ilə ölkəmizin seçilən bölgələrindən biridir. Əsrarəngiz təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları, tarixi abidələri və zəngin mədəni irsi ilə tanınan Kəlbəcər Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla, xalqımızın milli kimliyinin və tarixi yaddaşının mühüm səhifələrindən birini təşkil edir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində ağır humanitar faciə, dağıntı və talanlara məruz qalmışdır. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni və dini abidələrinə ciddi ziyan vurulmuş, minlərlə soydaşımız doğma yurd-yuvalarından didərgin düşmüşdür. Buna baxmayaraq, kəlbəcərlilərin doğma torpağa qayıtmaq arzusu, xalqımızın tarixi ədalətin bərpasına olan inamı heç vaxt sarsılmamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmuşdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmışdır. Bu əlamətdar hadisə xalqımızın tarixi yaddaşında ədalətin təntənəsi, milli iradənin və dövlətimizin gücünün təzahürü kimi xüsusi yer tutmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr - Kəlbəcər şəhəri günü təsis edilmişdir. Bu qərar Kəlbəcərin azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində əbədiləşdirilməsi, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində müəyyən etdiyi strateji siyasətin bariz nümunəsidir. Yeni infrastrukturun yaradılması, avtomobil yollarının çəkilməsi, enerji və sosial obyektlərin inşası, yaşayış məntəqələrinin yenidən qurulması bölgənin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin doğma torpaqlarına qayıdışına xidmət edir. Kəlbəcərdə aparılan bu işlər Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsinin mühüm tərkib hissəsidir.
Kəlbəcərin zəngin təbii sərvətləri, turizm imkanları, mineral su mənbələri və əlverişli coğrafi mövqeyi onun gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Qarşıda duran əsas vəzifələrdən biri bu potensialdan səmərəli istifadə etməklə Kəlbəcəri müasir infrastruktura, dayanıqlı iqtisadiyyata və yüksək yaşayış standartlarına malik şəhərə çevirməkdir.
25 Noyabr - Kəlbəcər şəhəri günü yalnız bir ərazinin azad olunmasının ildönümü deyil, həm də xalqımızın birliyinin, milli həmrəyliyinin, sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin təcəssümüdür. Bu gün Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda mübarizə aparmış qazilərimizin qəhrəmanlığı minnətdarlıqla anılır.
Əminliklə qeyd etmək olar ki, Kəlbəcər bundan sonra da Azərbaycanın inkişaf edən, abadlaşan və strateji əhəmiyyətini daha da möhkəmləndirən bölgələrindən biri olacaqdır. Doğma yurda qayıdış, tarixi irsin bərpası və yeni həyatın qurulması Kəlbəcərin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.
25 Noyabr - Kəlbəcər şəhəri günü münasibətilə bütün xalqımızı, xüsusilə kəlbəcərliləri təbrik edir, doğma torpaqlarımızın əbədi azadlığı və firavan gələcəyi naminə dövlətimizə yeni uğurlar arzulayırıq!
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini