PDF Oxu

Siyasət

  • 295

Xalqları birləşdirən körpü: Azərbaycan-Vyetnam humanitar, təhsil və mədəni əlaqələri - ŞƏRH

Xalqları birləşdirən körpü: Azərbaycan-Vyetnam humanitar, təhsil və mədəni əlaqələri - ŞƏRH

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar əməkdaşlığa xüsusi yer ayrılıb. Dövlət başçısı bu sahəni xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü adlandırıb. Onun sözlərinə görə, onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib.

Heydər Əliyev Fondunun missiyası

Müsahibədə Heydər Əliyev Fondunun Vyetnamla humanitar münasibətlərin dərinləşməsindəki rolu xüsusi vurğulanıb. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Vyetnamın şimalındakı bu əyalətdə uşaqlar üçün məktəbin inşası Azərbaycanın dost xalqa qayğısının ən səmimi ifadələrindən biridir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib. Bu görüşlər xüsusilə əhəmiyyətlidir, çünki Azərbaycanda təhsil almış vyetnamlılar iki ölkə arasında canlı körpü rolunu oynayırlar.

Təhsil: ənənədən gələcəyə

Dövlət başçısı elm və təhsil sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Bundan əlavə, Vyetnam nümayəndələri Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər.

Bu akademik əlaqələr zəngin tarixi ənənələrə əsaslanır. Prezident İlham Əliyev xatırladıb ki, hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq ediblər. Bu, böyük rəqəmdir: minlərlə mütəxəssis Azərbaycanda aldığı təhsillə Vyetnamın inkişafına töhfə verib və iki xalq arasında şəxsi dostluq bağlarının formalaşmasına səbəb olub.

Dostluğun rəmzi

İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Bakıda Ho Şi Minin xatirəsinin bu şəkildə əbədiləşdirilməsi Azərbaycan xalqının Vyetnama və onun tarixinə olan hörmətinin parlaq ifadəsidir.

Mədəniyyət: onilliklərin dialoqu

Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatıb: dördüncü festival ilk dəfə olaraq iki şəhəri – Bakı və Qəbələni əhatə edib. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri olub.

Prezident İlham Əliyev mədəni dialoqun köklərinin çox dərinlərə getdiyini də xatırladıb. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələri sonradan rejissor Əjdər İbrahimov daha da möhkəmləndirib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və bu ölkəyə bir neçə kitab həsr edib. Onlardan biri – “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib və bu il Hanoyda təqdim olunub.

Çətin anda yanında olmaq

Dövlət başçısı vurğulayıb ki, möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib. Bu həmrəylik Azərbaycanın dost ölkələrə münasibətdə tutduğu prinsipial mövqeyin ifadəsidir.

Müsahibə göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də insanlar arasında qurulmuş dərin bağlara əsaslanır. Bəstəkarın notlarından tələbələrin diplomlarına, məktəb binasından festival səhnələrinə qədər uzanan bu humanitar körpü iki xalqı bir-birinə daha da yaxınlaşdırır və dostluğun gələcək nəsillərə ötürülməsini təmin edir.

Xüsusilə qeyd etmək lazımdır ki, humanitar əlaqələr siyasi və iqtisadi əməkdaşlığın da möhkəm dayağıdır. Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər, Vyetnam mədəniyyəti ilə tanış olan azərbaycanlı gənclər, tərcümə olunan kitablar və birgə mədəni tədbirlər qarşılıqlı anlaşmanı dərinləşdirir, dövlətlərarası münasibətlərə insan ölçüsü qazandırır. Prezident İlham Əliyevin qarşıdakı səfəri bu humanitar körpünü daha da möhkəmləndirəcək, təhsil, elm və mədəniyyət sahələrində yeni təşəbbüslərə təkan verəcək.

Günay Mehdiyeva,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər