“Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. 1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət tələb edirdi. Həmin tarixi günü Ulu Öndər Heydər Əliyev 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən mərasimdə artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”. Həmin cəsarətli çıxışından sonra – sovetlər dönəmində Ulu Öndərimiz daha bir tarixi addım addım atdı. Məlumdur ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Belə ki, Ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, - deyən Ümummilli liderin qətiyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderimiz müstəqillik illərində də ana dilimizin qorunması üçün misilsiz xidmətlər göstərib. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”. Ümummilli lider Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu, ana dilimizə verilən yüksək dəyərdir.
Pərvin Kərimzadə qeyd edib ki, Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
“Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda da aktual məsələlərdəndir. Hər bir vətəndaşımız ana dilimizin qorunması üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.