PDF Oxu

Siyasət

  • 619

Azərbaycan diplomatiyasının uğurları

image

Prezident İlham Əliyev: "Ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var"

Azərbaycan müstəqil dövlət olaraq bütün sahələrdə olduğu kimi, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində böyük uğurlar qazanıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, xarici siyasətinin həyata keçirilməsi istiqamətində də ardıcıl işlər görüldü. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu. Ümummilli Liderin hazırladığı mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrildi. Xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirdi.

Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin varisi və Onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və milli maraqlara cavab verən siyasəti nəticəsində Azərbaycan dünyada, beynəlxalq aləmdə söz sahibidir. Azərbaycan Prezidenti çıxışlarının birində qeyd etmişdir ki, "Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır... Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar".

AZƏRBAYCAN DİPLOMATİYASININ İLK ADDIMLARI

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il Sərəncamı ilə müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. Artıq Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür. Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasından sonra Azərbaycan Hökuməti tərəfindən Qərbi Avropa və Amerika ölkələrində diplomatik nümayəndəliklərin təsis olunması ilə bağlı qanun layihəsi hazırlanıb. Bu addım, gənc dövlətin beynəlxalq aləmdə tanınması və möhkəmlənməsi istiqamətində əhəmiyyətli bir mərhələ idi. Lakin 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. Mənbələrə əsasən, 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ümummilli Lider Azərbaycanın xarici siyasətinin strateji ana xəttin müəyyən etdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi.

Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlər ilə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan qaldırmaq, balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşıda duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan ibarət idi.

QLOBAL DİPLOMATİK PLATFORMALARDA ARTAN NÜFUZU

Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. Demokratik və müstəqil dövlət kimi kimi tanınan Azərbaycan çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda ölkə həqiqətlərini dünyaya çatdırır, Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın İslam Konfransı Təşkilatı, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. Ölkəmizin beynəlxalq və regional miqyasda rolu və nüfuzu durmadan artır. 2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca 2017–2019-cu illər üçün 176 ölkənin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması xarici siyasət sahəsində mühüm nailiyyətlərdir. Eyni zamanda, 2019-2023-cü illərdə Azərbaycanın dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin qlobal diplomatik platformalarda nüfuzunu daha da artırıb. Bu uğurların davamı olaraq, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığının və nüfuzunun bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında da Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz xidmətləri var. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı.

"ÖLKƏMİZİN XARİCİ SİYASƏTİ UĞURLU DAXİLİ SİYASƏTİMİZİN DAVAMIDIR"

Bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib. Azərbaycan Respublikasının xarici ölkələrdə səfirlikləri, beynəlxalq təşkilat yanında daimi nümayəndəlikləri, baş konsulluqları, təmsilçilik ofisiləri və fəxri konsulluqları fəaliyyət göstərir. Respublikamızda isə dünya dövlətlərini səfirlikləri, baş konsulluqları, fəxri konsulluqları və beynəlxalq təşkilatların nümayəndəliyi vardır. Təbii ki, bu və digər nümayəndəliklərin, səfirliklərin dünya ölkələrində olması, təmsili Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiətinə çatdırılmasında əhəmiyyət kəsb edir. Dövlət başçısının vurğuladığı kimi, "Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var".

Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə qarşı bir sıra dövlətlər və təşkilatlar əsassız kampaniyalar aparmağa çalışdılar. Prezident İlham Əliyevin və Azərbaycan diplomatlarının peşəkarlığı bütün kampaniyaları iflasa uğratdı. Haqq savaşımız diplomatik meydanda da qələbə ilə nəticələndi. Haqlı mübarizəmizin dəstəklənməsi də məhz diplomatik sahədə görülən çoxillik fəaliyyətin nəticəsidir. Əlbəttə ki, ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.

Son illər dövlət başçısının xarici siyasət strategiyasının uğurla davam etdirməsi müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olaraq, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyir. Təbii ki, diplomatiyamızın uğurları günbəgün artmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi uzaqgörən və təmkinli diplomatik siyasət onun regionda lider dövlətə çevrilməsi, dünya ölkələri arasında söz sahibi olması ilə nəticələnib və ölkəmiz beynəlxalq müstəvidə kifayət qədər böyük uğurlara imza atıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər