İƏT-in 17-ci Zirvə Görüşünün mövzusu təsadüfi seçilməmişdi: “Davamlı və iqlimə dayanıqlı gələcək naminə İƏT-in Yeni Baxışı”. Bu baxış, təkcə ekoloji məsələlərə deyil, eyni zamanda texnoloji və sosial tərəqqiyə yönəlib. Zirvə çərçivəsində təmiz enerji, sıfır tullantı və rəqəmsal ticarət platformalarının inkişafı geniş şəkildə müzakirə olundu. Azərbaycan tərəfindən təklif edilən “ECO Təmiz Enerji Mərkəzi” və “ECO Sıfır Tullantı Zonası” təşəbbüsləri, təşkilatın gələcək fəaliyyət istiqamətlərinə strateji istiqamət verir. Bu, Azərbaycanın yaşıl enerji siyasətinə verdiyi önəmi və regional liderlik ambisiyalarını bir daha təsdiqləyir. Zirvə çərçivəsində qəbul edilən “Xankəndi Kommunikesi” sənədi, iqlim dəyişikliklərinə qarşı mübarizədə regional əməkdaşlığın gücləndirilməsi və “ECO 2035 Strateji Baxışı”na uyğun olaraq hərəkət edilməsini hədəfləyir. Bu isə İƏT-in yalnız iqtisadi təşkilat deyil, eyni zamanda ekoloji və sosial məsuliyyət daşıyan platformaya çevrildiyini göstərir.
Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini