Prezident İlham Əliyev: "Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb"
Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı və strateji tərəfdaşlıqların qurulması həmişə prioritet məsələlərdən biri olub. Bu siyasət çərçivəsində, xüsusilə Yaxın Şərq və ərəb ölkələri ilə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmiz yeni bir dövrə qədəm qoyub, beynəlxalq münasibətlər sistemində daha fəal, təşəbbüskar və ədalət prinsiplərinə söykənən mövqe nümayiş etdirir. Bu günlərdə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanın Azərbaycana səfəri ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasının təzahürüdür.
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvar olduğunu bildirib. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çəkib. Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğulayıb.
Suriya ilə Azərbaycanı bir-birinə tarix, sivilizasiya, mədəniyyət və əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bünövrəsi hələ İpək Yolu əsrində, müstəqillik qazandığımızdan əvvəlki və sonrakı dövrlərdə qoyulub. Ulu Öndər Heydər Əliyev hələ SSRİ dönəmində Azərbaycanın rəhbəri olarkən Suriya prezidenti Hafiz Əsədlə bir neçə dəfə görüşüb. O, 1972-ci ildə Suriyada səfərdə olarkən prezident Hafiz Əsədlə görüşüb və Hələb şəhərində dahi Azərbaycan şairi Nəsiminin qəbrini ziyarət edib. Elə o illərdə Suriya Prezidenti Hafiz Əsəd də SSRİ-yə rəsmi səfəri çərçivəsində Azərbaycanda da olub və Heydər Əliyevlə görüşüb. 1984-cü ilin martında isə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Suriya paytaxtında səfərdə olub və Prezident Hafiz Əsədlə Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib.
Xatırladaq ki, Suriya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin martın 28-də qurulub. Rəsmi Bakı İŞİD terror qruplaşmasının fəaliyyətinə qarşı çıxıb. Sonrakı illərdə, vətəndaş müharibəsi zamanı Bəşşar Əsəd rejimini müdafiə etməyib. Əksinə, münaqişənin dinc yolla həllinin tərəfdarı kimi çıxış edib.
Bu əlaqələr qurulandan 20 il sonra kəsilib. Ölkənin səfiri və bütün səfirlik əməkdaşları 2012-ci ilin avqustunda Dəməşqi tərk edib. Diplomatik missiyanın ölkəni qeyri-müəyyən müddətə tərk etməsi təhlükəsizlik və Suriyadakı mövcud durumla bağlı idi.
İki ölkə arasında əməkdaşlıq xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilir. BMT-nin İnsan Hüquqları Şurasının ikinci sessiyasında Suriyanın irəli sürdüyü "Suriyanın işğal olunmuş Colan təpələri. İnsan hüquqlarının vəziyyəti" adlı qətnamə üzrə keçirilmiş səsvermədə Azərbaycan qətnamənin lehinə səs verib. Suriya da BMT və İKT çərçivəsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
AZƏRBAYCAN QAZININ TÜRKİYƏ ƏRAZİSİNDƏN SURİYAYA İXRACI LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏK
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
Müasir dünyamızda enerji təhlükəsizliyi vacib məsələlərdəndir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq öz nəticələrini verir. Xüsusi olaraq qeyd edək ki, ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatçıdır.
Avropa İttifaqı ilə Azərbaycan enerji münasibətlərinə dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfələr verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, layihələr, islahatlar diqqətdən kənarda qalmır. Azərbaycan böyük inkişaf yolundadır.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini deyib.
Mümkün əməkdaşlıq sahələrindən biri Suriyanın enerji infrastrukturunun yenidən qurulmasıdır. Azərbaycanın neft-qaz sənayesində böyük təcrübəsi var və bu sahədə Suriyada müəyyən layihələr həyata keçirmək potensialına malikdir.
BAKI-DƏMƏŞQ MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ
Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hazırda Suriyanın təhsil müəssisələrində Azərbaycandan 150-yə qədər tələbə təhsil alır. Azərbaycanlı tələbələr əsasən ərəb dili və şəriəti öyrənirlər. Azərbaycanda isə 40 yaxın suriyalı gənc mühəndis və həkim peşəsinə yiyələnmək üçün ali təhsil müəssisələrində təhsil alır.
İki ölkə arasında indiyədək müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 20 sənəd imzalanıb. Rəsmi mənbələrə əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ümumilikdə 461 min 55 dollar olub, bunun 160 min 49 dolları Azərbaycanın Suriya ilə ixracına, 301 min 6 dolları isə idxalına aiddir. Azərbaycanın Suriyadakı diplomatik varlığı humanitar, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək üçün vacib platforma rolunu oynayır. Ötən il dekabrın 30-da Suriyaya ilk humanitar yardım karvanının göndərilməsi Bakı-Dəməşq münasibətlərinin həm də humanist əsaslara söykəndiyini göstərir.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycanın Suriyaya yanaşmasında yeni strategiya təkcə iki ölkə arasında münasibətləri deyil, həm də regional güc balansında əhəmiyyətli rol oynaya bilər. Bakı-Dəməşq əlaqələrinin inkişafı Azərbaycana Orta Şərqdə daha güclü siyasi mövqe qazandıracaq. Azərbaycanın bu siyasəti iki ölkə ilə yanaşı, bütövlükdə Cənubi Qafqaz və Orta Şərq regionlarının sabitliyi üçün yeni imkanlar açacaqdır. Göründüyü kimi, Azərbaycan və Suriya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyub.
Zümrüd BAYRAMOVA