PDF Oxu

Siyasət

  • 1 130

Şərəfli yol

image

Cəmiyyətin güzgüsü olan mətbuatımız bu gün yaranmasının 150 illiyini qeyd edir. Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bütün dövrlərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən quraraq bütün sahələrdə davamlı uğurlara yol açdı. Ümummilli Liderin azad mətbuatın inkişafına xidmət edən addımları davamlılığı ilə diqqətdə oldu. Senzuranın ləğvi azad mətbuatın qarşısında geniş imkanlar açdı. Qəzetlərə birdəfəlik yardımlar verildi, «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» təsdiqləndi. Həmçinin «Kütləvi informasiya vasitələri haqqında», «Məlumat azadlığı haqqında» qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin «Azərbaycan» nəşriyyatına borclarının dondurulması idi. Ulu Öndərin 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi dahi şəxsiyyətin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyərdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 15 mart 2003-cü ildə jurnalistlərin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycanda mətbuatın özünütənzimləməsini həyata keçirən qurum-Mətbuat Şurası yaradıldı.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Bu çağırış əsas yer tutur ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin təqdimatıdır. 2003-cü ildən bugünədək mətbuat sahəsində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Nəzərə alsaq ki, mətbuat cəmiyyətin güzgüsüdür, bu halda qeyd edilən istiqamətdə atılan addımlar təbii ki, ölkənin davamlı inkişafı ilə sıx bağlı olacaq. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 və 145 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-lərin İnkişafına dövlət dəstəyi Konsepsiyası təsdiqləndi. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu.
Məhz bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin son 21 ildən artıq dövrdə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirdi. Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində bildirmişdir: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər