PDF Oxu

Sosial

  • 767

Nadinc, dəcəl, yoxsa hiperaktiv?

image

Dünyada uşaqların 12%, böyüklərin 4%-i bu problemlə yaşayır

Hiperaktiv sözü həddindən artıq hərəkətli, bir yerdə dayanmayan, həmişə hərəkətdə olan uşaqlar üçün işlədilən bir ifadədir. Bəzən onlara “diqqət pozuqluğu olan uşaqlar” da deyirlər. Bu, əslində, uşaqların özünü idarə edə bilmədiyi psixoloji xəstəlikdir. Övladınızın müəllimindən “uşaq dərsə qulaq asmır, fikri dərsdə olmur, həmişə nə haqdasa fikirləşir, ya da nadinclik edir” tipli şikayətlər eşidirsinizsə, o zaman övladınızda hiperaktivlik ola bilər. Mütəxəssislər hesab edir ki, hiperaktiv uşaqlar, əslində, yaşıdlarına nisbətən daha zəkalı olur, lakin anormal dərəcədə olan hərəkətlilik onların zəkasına və dərsi qavramasına mane olur. Onlar yaşıdlarından daha çox hərəkətlidirlər, hərəkətlərini düşünmədən və istədikləri yerdə edirlər.

Onları necə tanımalı?

Psixoloqlar ağıllı, zəakalı olduqları halda, dərsə diqqət etmədiyi üçün həmişə müəllimləri və valideynləri tərəfindən danlaq eşidən hiperaktiv uşaqların ciddi psixoloji problemlər yaşayacağını bildirir. Psixoloq Günay Həsənova deyir ki, hər hərəkətli uşaq hiperaktiv deyil: “Hiperaktiv uşaqlar ağıllı, zəkası inkişaf etmiş, bəzən hədsiz zəkalı, çox hərəkətli, diqqətsiz, tez bezən, növbəni sevməyən uşaqlardır. Hiperaktivliyin də növləri olduğu üçün uşaq həmişə çox hərəkətli olmaya bilər. Partada oturmayan, sinifdə gəzən, sinif yoldaşı ilə dərs ortasında söhbət edən, söz kəsən, dərs sırasını gözləməyən, arxadakı, yanındakı və ya önündəki yoldaşını dürtmələyən, israr edən, düşünmədən davranan, dərsi izləməyə çətinlik çəkən uşaqlar hiperaktivdirlər”.

Psixoloq hər dəqiqə xəbərdarlıq edilən uşaqda ciddi plsixoloji problemlər ola biləcəyini istisna etmir. Onun sözlərinə görə: “Əslində, onlar yaşıdlarına nisbətən daha geniş bacarıqlara sahibdirlər. Sadəcə, fikrini dərsə verməyən hiperaktiv uşaq dərslərində, əlbəttə ki, uğursuz nəticə göstərəcək. Bu, tənbəllik və dəcəllik deyil. Ona görə də həm müəllimi, həm valideyni ona qarşı bir az diqqətli olmalıdır, danlamaq, qışqırmaq həll yolu deyil. Əksinə, davamlı olaraq danlaq eşidən hiperaktiv şagird depressiyaya girə bilər, altını islada, kəkələyə, dırnaq gəmirə bilər. Çalışmaq lazımdır ki, hiperaktiv uşağın valideyni ilə müəllimi əməkdaşlıq eləsin, bir-biri ilə xəbərləşsin, uşağı birlikdə dərsə yönləndirsin”.

Uşaq şıltaqlığı ilə hiperaktivliyi ayırd etmək vacibdir

Pediatr Şəkər Sultanovanın sözlərinə görə, əslində, hiperaktivlik haqqında mütəxəssislərin yekdil rəyi yoxdur, amma bu problemi xəstəlik hesab eləməyənlərin sayı daha çoxdur: “Hiperaktivliyin meydanaçıxma səbəbləri də müxtəlifdir, genetik meyillilik, hamilə vaxtı nikotindən istifadə, hamilə vaxtı anada infeksiyalarin olması, doğuş travmaları, sosial-psixoloji faktorlar (valideynlərdə alkoqolizm, ailədə tərbiyənin düzgün qurulmaması və s.). Hiperaktiv uşaqları fərqli davranışlarla təyin etmək olur. Məktəbəqədər yaşlı uşaqlarda aqressivlik, impulsivlik, yuxu və nitq pozğunluqları, izafi hərəkətlilik müşahidə edilirsə, məktəb yaşlı uşaqlarda diqqətsizlik, intizamsızlıq, yaddaş pozğunluqları, hövsələsizlik, bir yerdə otura bilməmək və s. görülür”.

Həkim bu əlamətləri övladında müşahidə edən valideynlərə məsləhət görür ki, hiperaktivliyə qarşı dərman təyin edilmədiyi üçün ailədə bu problemi həll etməyə çalışmalıdırlar: “Son vaxtlar dərman istifadəsini optimal variant hesab etmirlər, ona görə də evdə valideyn uşağa qarşı həmişə mehriban davranmalıdır. Komanda, əmr, aqressivlik qətiyyən yolverilməzdir. Uşağı həvəsi olan məşğuliyyətə həvəsləndirmək, marağını daha da stimullaşdirmaq lazımdır. Yatmırsa, zorla yatırtmaq olmaz. Oyuncaqları, evdəki əşyaları sındırırsa, acıqlanmaq, cəzalandırmaq qətiyyən olmaz. Bir sözlə, uşağın emosiyalarına çox həssas yanaşmaq lazımdır”.

Həkim uşaqların aqressiyasını azaltmaq üçün xeyirli vərdişlərə yönəltməyi ən yaxşı variant hesab edir: “Rəqs, üzgüçülük və s. məşğuliyyət uşağın aqressivliyini azaldan amillərdir və bundan mütləq istifadə etmək lazımdır. Əgər uşağın nitqində və intellektində ciddi prolemlər varsa, psixoloqa və defektoloqa müraciət etmək lazımdır. Əslində, indiki uşaqların əksəriyyətində sadaladığım əlamətlərin hamısına rast gəlmək olar. Amma uşaq şıltaqlığını hiperaktivlikdən fərqləndirməliyik. Hamilə vaxtı və doğuş zamanı anada ciddi problemlər olubsa, daha çox hiperaktivlik haqqında düşünməliyik”.

Valideyn nə etməlidir?

Amerikada aparılan bir araşdırmaya görə hazırda dünyada uşaqların 12%, böyüklərin 4%-i bu problemlə yaşayır. Əsasən, oğlan uşaqlarında rastlanan bu vəziyyət yaxın illərdə 19 faizədək yüksələ bilər. Valideynlər evdə övladının hiperaktivliyinin fərqinə vara bilmirlər, uşaq bağçaya, məktəbə gedəndə yaşıdlarından fərqlənəndə valideynlər onların arasındakı fərqi hiss edirlər. Çünki hiperaktiv uşaqlar yaşıdlarına nisbətən çox hərəkətlidir, xəbərdarlıqlara qulaq asmır.

Hiperaktiv uşağın valideynlərinin üzərinə çox iş düşür. Əvvəla, hiperaktivliyin ram edilə biləcək bir pozuntu olduğunu nəzərə alın. Hiperaktivlik ailə üçün nə qədər problemlidirsə, uşağın özü üçün də bir o qədər narahatlıq doğuran problemdir, sadəcə, hərəkətlərini nəzarət altına almaqda çətinlik çəkir. Yəni, əslində, onlar sakit dayanmaq istəsələr belə hərəkətdə olurlar.

Övladınızın etdiyi yaxşı hərəkətlər üçün mükafat təyin edin, gəzintiyə çıxarın, 15-20 dəqiqəlik müddətlərə cizgi filmi izləməsinə icazə verin. Nəzərə alın ki, hər hərəkətli, dəcəllik, nadinclik edən uşaq hiperaktiv deyil. Bu diaqnozu ona pediatr və psixoloqun birgə müayinəsindən sonra qoymaq olur.

Lalə Mehralı

Digər xəbərlər