PDF Oxu

Sosial

  • 667

Kənd yumurtası -Felyeton

image

Ölkədə bir neçə növdə toyuq yumurtası satılır: kənd yumurtası, yarı kənd yumurtası-buna həm də gəzən toyuq yumurtası deyirlər və bir də broyler yumurta.

Bu gün kənd yumurtasından danışaq. Kənd yumurtası nədir? Birinci bu barədə danışaq ki, qaranlıq heç bir zad qalmasın. Kənd yumurtası kəndlərimizdə yaşayan zəhmətkeş insanlar tərəfindən həyətlərdə saxlanılan, təbii yemlə qidalanan, heç bir dava-dərmana məruz qalmayan, kimsə tərəfindən, həm də sürətlə deyil, öz-özünə böyüyən toyuqların yumurtladığı yumurtadır. Ki, belə yumurtalar cana dərman, dizə dayaq, gözə nurdur. Ağı hissəsi ağappaq, sarısı sapsarı...

Kənd yumurtası toyuqçuluq fermalarında min bir hoqqabazlıqla böyüdülən, gecəsi ilə gündüzü dəyişdirilən, elekrtrik enerjisinin təsiri altında həyat ritmi pozulan toyuqların yumurtladığı yumurtalardan kəskin şəkildə fərqlənir. Bu, həm keyfiyyətdə, həm də qiymətdə özünü göstərir. Odur ki, kənd yumurtası tapmaq xeyli çətindir.

Gələk mətləbə. Ona görə gələk ki, həm də bilək, indi bazarlarda, marketlərdə, küçələrdə satılan kənd yumurtasını satanlar onu haradan və necə əldə edirlər. Hə, deməli, bu gəzən toyuqlar ki, var, onlar broyler toyuqlardan xeyli çox, kənd toyuqlarından xeyli az gəzintidə olan toyuqlardır. Həmin bu gəzən toyuq yumurtasını satanlar onu kənd yumurtası adı ilə camaata elə sevə-sevə sırıyırlar ki, nə alanın, nə də satanın ruhu belə incimir.

Bəs bunu necə edirlər? Mən deyim, siz də qulaq asın. Həm də ona görə qulaq asın ki, dəllallar sizi daha da aldatmasın. Deməli, əsaslı mənbələrdən əldə etdiyim məlumata əsasən gəzən toyuqların yumurtası üzərində xeyli iş gedir. Belə ki, onların üzəri xüsusi qaydada palçıqla işlənir və saman-ot yapışdırılır. Bunu etmək o qədər də çətin deyil. Palçıq yumurtanın üzərinə vurulan kimi, ot və samanı asanlıqla ona yapışdırmaq mümkün olur. Beləliklə, istənilən yumurta kənd yumurtasına asanlıqla çevrilə bilir.

Sonra nə baş verir? Nə baş verəcək? Bu yumurtalar kənd yumurtası adı ilə 35-50 qəpik aralığında bizə satılır. Mən bu kənd tumurtasının xarici görünüşündən danışdım. Amma deyilənə görə həmin toyuqlar ki, bu yumurtanı yumurtlayır, onlara xüsusu dava-dərman da verirlər ki, yumurtanın sarısı sapsarı olsun, əsl kənd yumurtasına daha çox oxşasın və biz daha çox aldanaq.

Beləliklə, kənd yumurtası adı altında satılan yumurtalara aldanmamağı tövsiyə edirəm. Kənd yumurtasını etibarlı mənbələrdən ala bilirsiniz, alın, ala bilmirsinizsə, yumurta yeməkdən vaz keçin.

İnanın Allaha ki, dediklərimdə zərrə qədər də yanlış yoxdur. Bunu bəlkə də sizlərdən də çoxunuz bilirsiniz. Bəs bilə-bilə bu yumurtaları bizə niyə sırıyırlar? Yəqin ardımızca da deyirlər ki, ay yazıqlar, canınızı alıb sizi belə aldadarıq bax.

Heç olmasa, bu dəllallar qoy bilsinlər ki, əməllərindən xəbərdarıq. Yoxsa bizi axmaq yerinə qoymaqla öyünməkdə davam edəcəklər.

Belə, kənd yumurtası almaq istəyəndə bir dəfə deyil, iki dəfə düşünək ki, həm nə yediyimizin, həm də kimlərin bizə nə yedirdiyinin fərqində olaq.

Mətanət Məmmədova

Digər xəbərlər