PDF Oxu

Sosial

  • 1 015

Bizdən ötdü, kimə dəydi?

image

Adətən, eko-çanta ilə alış-veriş edirəm, əl çantamda həmişə ehtiyat ekoloji təmiz materialdan olan alış-veriş torbam olur. Daha az polietilen istehlak edim, təbiətə daha çox zərər verməyim deyə mümkün bütün imkanlardan istifadə edirəm. Marketlərdə iki məhsulu ayrı-ayrı sellofan torbaya qoymaq istəyən işçilərə, paketə yığmağa kömək edən kassirlərə "torba istəmirəm" deyəndə elə zənn edirlər ki mən 3-5 qəpik artıq hesablanır deyə götürmürəm torbanı.

Məsələn, həyətdəki dükandan zavodda paketlənmiş çörəyi alıb evə çıxıramsa hətta çantamda eko-torbam yoxdursa belə əlavə polietilen torba almıram, əlimdə aparıram. Yaxud həm alma, həm banan almışamsa eyni torbaya qoyuram, hərəsi üçün ayrı torba götürmürəm. Mağaza işçisi ayrı paketə qoymaq istəyir, "lazım deyil" deyirəm. "Pulsuzdur" deyir. Yenə izah etmək məcburiyyətindəyəm, "mən o paketdən artıq götürüb aldığımı içinə qoyub 10-15 m məsafəyə aparacam, sonrası nə olacaq? Təbiətə atacam məcbur. Amma iki məhsulu eyni paketdə apara bilərəm, elə deyil? İkisi də meyvədir, yaxud biri meyvə, biri tərəvəzdir, bir yerdə aparmaqda heç bir problem yoxdur.” Etinasız-etinasız baxır.

Başqa bir misal, iki gün əvvəl mağazadan pomidor, soğan aldım. Hər ikisinin ayrıca çəki torbası vardı, kassada oturan mağaza işçisi ikisini yenidən əlavə torbaya qoymaq istədi. Görünməyən, şəffaf olmayan, üzərində mağazanın etiketi olan torbanı nəzərdə tutuam. Müdaxilə etdim, “istəmirəm” dedim, o da qarşılığında "torba pulsuzdur" dedi. Dedim: “pullu olduğunu düşündüyüm üçün demirəm, çalışıram polietilen istifadəsini minimuma endirim, təbiətə zərər vurmayım”. O da başqaları kimi susdu, laqeyd-laqeyd baxdı.

Məncə, biz etinasızlıqdan ölürük. Əlimizə nə gəlir atırıq təbiətə. Quru ərazilərin evini çoxdan yıxmışıq, okeanlara, dənizlərə də əl atmışıq. Etinasızlıq yıxır evimizi. Hamı fikirləşir ki guya mən atmasam o plastikləri təbiətə, başqası atmayacaq? Bir artıq, bir əskik, nə fərqi var? Sən atma! Qoy bir torba, qoy bir qutu az düşsün təbiətə. Sən etinasız olma, sən vecsiz olma, iki məhsulu eyni torbada daşımaq mümkündürsə birini alma, birini atma.

Çox sevirəm Məmməd Arazın “Məndən ötdü” şeirini. Etinasız insan görəndə, etinzasızlıq göstərilən bir vəziyyət görəndə tez-tez xatırlayıram o şeiri. Əslində bizdən ötmür, dönüb-dolaşıb yenə özümüzə qayıdır etdiyimiz. Torpağa atdığımız plastik yeməyimizə qarışır, okeana, dənizə, çaya atdığımız plastiklər suyumuza qarışır, hər yana səpdiyimiz tullantılar havamıza qarışır. Kimdən ötür, kimə dəyir etdiyimiz?

PS: Hər il dünyada 1 trilyon sellofan-polietilen torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. İndi siz deyin, bizdən ötürmü?

Digər xəbərlər