Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin, LARMİ və LARTİ-nin tərəfdaşlığı ilə “Yeniyetmələrin Gələcək İnkişaf Platforması” layihəsi çərçivəsində Lənkəran şəhərinin Osaküçə kəndində “Gənclik kəndimizdə” adlı tədbir baş tutub.
Əsas məqsədi kənddə yaşayan yeniyetmə və gənclərlə birbaşa ünsiyyət qurmaq, onların maraq və bacarıqlarını üzə çıxarmaq, şəxsi inkişaflarına dəstək olmaq və asudə vaxtlarının səmərəli təşkili istiqamətində imkanlar yaratmaq olan tədbirin ilk hissəsində Lənkəran Gənclər Evinin əməkdaşı Fərəh Axundzadə tərəfindən şəxsi inkişaf mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılar özünüinkişaf, yeni bilik və bacarıqların əldə olunması, fəal həyat mövqeyi və ictimai fəaliyyətin yaratdığı imkanlar barədə məlumat verilib.
“Cənub Könüllüləri”nin təşkil etdiyi interaktiv oyunlarla görüş əyləncəli və dinamik şəkildə davam edib. Komanda oyunları iştirakçılara həm asudə vaxtlarını maraqlı keçirmək, həm də əməkdaşlıq, çevik düşünmə və ünsiyyət bacarıqlarının inkişafına imkanı yaradıb.
Görüş çərçivəsində könüllü gənclərlə Osaküçə kəndinin yeniyetmə və gəncləri arasında səmimi ünsiyyət qurulub. İştirakçılar maraq dairələri, gələcək hədəfləri və ictimai fəaliyyət imkanları barədə fikir mübadiləsi apararaq könüllülərin təcrübələrindən faydalanıblar.
Tədbir zamanı fəallığı ilə seçilən iştirakçılar Təşəkkürnaməyə layiq görülüblər.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi