Son illər onlayn alış-verişin sürətlə yayılması pərakəndə ticarət sektorunda ciddi dəyişikliklərə yol açıb. Vaxta qənaət, geniş məhsul çeşidi, qiymətləri müqayisə etmək imkanı və sifarişlərin ünvana çatdırılması istehlakçıları internet üzərindən alış-verişə daha çox yönəldir. Bu isə ənənəvi mağazalar üçün rəqabəti gücləndirir və onları fəaliyyət prinsiplərini yenidən nəzərdən keçirməyə vadar edir.Bəs onlayn ticarətin inkişafı fiziki mağazaların gələcəyini təhlükə altına qoyurmu? Qarşıdakı illərdə ənənəvi mağazalar bazardan çəkilməyə məcbur qalacaq, yoxsa hər iki satış modeli paralel fəaliyyət göstərəcək?Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, onlayn alış-verişin genişlənməsi pərakəndə ticarətdə struktur dəyişiklikləri yaradır:"Bu proses təkcə istehlakçıların alış-veriş vərdişlərinə deyil, ənənəvi mağazaların biznes modellərinə, xərclərinə və rəqabət imkanlarına da birbaşa təsir göstərir. Onlayn ticarətin inkişafını sürətləndirən əsas amillər istehlakçıların seçim imkanlarının genişlənməsi və alış-veriş xərclərinin azalmasıdır. İnsanlar internet platformaları vasitəsilə eyni məhsulun müxtəlif satıcılardakı qiymətlərini müqayisə edir, mağazaya getmədən sifariş verir və daha geniş çeşiddən yararlanırlar.Bu tendensiya ənənəvi mağazalar üçün rəqabət təzyiqini artırır. Belə ki, fiziki satış məntəqələrinin icarə, əməkhaqqı, kommunal xidmətlər, anbar və digər əməliyyat xərcləri mövcuddur. Onlayn fəaliyyət göstərən bəzi satıcılar isə daha aşağı sabit xərclərlə işləmək imkanına malikdirlər. Bu səbəbdən ənənəvi mağazalar qiymət, xidmət keyfiyyəti və müştəri təcrübəsi baxımından fəaliyyətlərini yenidən qurmağa məcbur qalırlar.Onlayn alış-verişin inkişafı fiziki mağazaların tamamilə aradan qalxmasına səbəb olmayacaq. Çünki istehlakçıların seçimləri məhsulun növündən asılı olaraq dəyişir. İnsanlar geyim və ayaqqabı alarkən məhsulu yoxlamağa, ölçüsünü sınamağa, elektronika alarkən xüsusiyyətlərini yerində görməyə, ərzaq məhsulları seçərkən isə onların keyfiyyətinə və təzəliyinə əmin olmağa üstünlük verirlər.Gələcəyin ticarət modeli onlayn və ənənəvi satış kanallarının inteqrasiyası üzərində qurulacaq. Artıq bir çox şirkətlər hər iki satış imkanından istifadə edir. Müştərilər məhsulu internetdə seçir, mağazada yoxlayır və ya sifariş verir, daha sonra isə onu fiziki satış məntəqəsindən götürürlər.Onlayn ticarətin inkişafı yalnız internet üzərindən sifariş imkanlarının yaradılması ilə məhdudlaşmamalıdır. Çatdırılma infrastrukturu, elektron ödənişlər, istehlakçı hüquqlarının müdafiəsi, məhsulların geri qaytarılması və satışdan sonrakı xidmətlər də təkmilləşdirilməlidir. Xüsusilə regionlarda logistika xərclərinin yüksək olması onlayn ticarətin genişlənməsinə maneə yaradan amillərdəndir.Ənənəvi mağazalar da rəqəmsal transformasiyaya uyğunlaşmalıdırlar. Müştəri bazasının elektron idarə edilməsi, onlayn sifarişlərin qəbulu, fərdiləşdirilmiş təkliflər və rəqəmsal marketinq artıq rəqabət qabiliyyətinin vacib elementlərinə çevrilib.Gələcəkdə əsas dəyişiklik mağazaların sayının azalmasından daha çox, ticarət sektorunda biznes modellərinin dəyişməsi ilə bağlı olacaq. Rəqabətə uyğunlaşa bilməyən, xərclərini optimallaşdırmayan və istehlakçıların dəyişən tələblərinə cavab verməyən mağazalar bazardan çıxacaq. Yeni texnologiyalardan istifadə edən və müştəri ehtiyaclarını nəzərə alan fiziki mağazalar isə fəaliyyətlərini davam etdirə biləcəklər.
Müəllif: Arzu Qurbanlı
Virtual şəhər iqlim modelləşdirilməsi üçün istifadə edilib...