25 noyabr 2026-cı il tarixində Astara rayonunda Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbində Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə IX–XI sinif şagirdləri üçün maarifləndirici görüş təşkil olunub.
Tədbir zamanı Polis Akademiyasının nümayəndəsi tərəfindən Akademiyaya qəbulun şərtləri və qaydaları, təhsil prosesi, mövcud ixtisaslar, kursantlar üçün yaradılmış müasir maddi-texniki baza, sosial təminat və digər imkanlar barədə şagirdlərə ətraflı məlumat verilib. Həmçinin polis əməkdaşlarının cəmiyyətdəki rolu, qanunun aliliyinin qorunması, ictimai asayişin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda xüsusi vurğulanıb ki, hüquq-mühafizə orqanlarında xidmət yalnız bir peşə seçimi deyil, həm də yüksək məsuliyyət, intizam, mənəvi dayanıqlıq, dürüstlük və Vətənə sədaqət tələb edən şərəfli bir missiyadır. Gənclərə gələcək həyat yollarını müəyyənləşdirərkən bilik və bacarıqlarını inkişaf etdirmələri, sağlam həyat tərzinə üstünlük vermələri, hüquqi biliklərini artırmaları və dövlətə, xalqa layiqli xidmət etməyə hazır olmaları tövsiyə edilib.
Şagirdlərin sualları cavablandırılıb, onların Polis Akademiyasında təhsil və gələcək xidmət imkanları ilə bağlı fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqsədi yuxarı sinif şagirdlərinin hüquq-mühafizə orqanlarında xidmətə marağının artırılması, onların gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi, eləcə də gənclər arasında dövlətçilik, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti kimi dəyərlərin təbliği olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Virtual şəhər iqlim modelləşdirilməsi üçün istifadə edilib...