PDF Oxu

Siyasət

  • 1 074

“Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli qarşılıqlı güzəştlərdən asılıdır” - ŞƏRH

“Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli qarşılıqlı güzəştlərdən asılıdır” - ŞƏRH

“Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi artıq təkcə iki dövlət arasında ərazi və suverenlik uğrunda mübarizə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminin transformasiyasına təsir göstərən uzunmüddətli geosiyasi prosesə çevrilib”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.Onun sözlərinə görə, müharibə dünya siyasətində güc balansını, dövlətlərin təhlükəsizlik strategiyalarını, iqtisadi münasibətləri və beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərini ciddi şəkildə dəyişdirir:”Xüsusilə Avropa qitəsində İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının gələcəyi yenidən müzakirə predmetinə çevrilib.

İlk növbədə, müharibənin siyasi nəticələrindən biri beynəlxalq münasibətlərdə bloklaşma meyillərinin güclənməsidir. Rusiya ilə Qərb arasında qarşıdurma NATO-nun genişlənməsi, Avropa İttifaqının müdafiə siyasətinin yenidən qurulması və ABŞ-nin qlobal təhlükəsizlik strategiyasının dəyişməsi ilə müşayiət olunur. Avropa dövlətləri müdafiə xərclərini artırmağa, hərbi sənaye potensialını genişləndirməyə və ABŞ-dən təhlükəsizlik asılılığını azaltmağa çalışırlar. Eyni zamanda, Rusiya Qərbin siyasi və iqtisadi təzyiqlərinə qarşı alternativ tərəfdaşlıqları, xüsusilə Asiya istiqamətində əlaqələrini genişləndirməyə çalışır.
İqtisadi müstəvidə isə müharibə enerji bazarlarında dəyişikliklərə, beynəlxalq ticarət marşrutlarının yenidən formalaşmasına, ərzaq təhlükəsizliyi problemlərinin dərinləşməsinə və sanksiyalar vasitəsilə iqtisadi münasibətlərin siyasiləşməsinə səbəb olub. Avropa ölkələri Rusiya enerji resurslarından asılılığı azaltmaq istiqamətində ciddi addımlar atıblar. Bununla yanaşı, müdafiə sənayesinə investisiyaların artırılması və alternativ logistika marşrutlarının inkişafı iqtisadi prioritetlərə çevrilib. Müharibənin uzanması Qara dəniz hövzəsinin, Orta Dəhlizin və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat əlaqələrinin geoiqtisadi əhəmiyyətini də artırır.
Təhlükəsizlik baxımından əsas dəyişiklik isə dövlətlərin milli müdafiə imkanlarına və strateji tərəfdaşlıqlara daha çox diqqət yetirməsidir. Müharibə göstərdi ki, Avropada genişmiqyaslı hərbi qarşıdurma ehtimalı artıq nəzəri məsələ deyil. Bu reallıq NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsini, hava hücumundan müdafiə sistemlərinin inkişafını və hərbi hazırlığın artırılmasını aktuallaşdırıb.
Diplomatik həll perspektivlərinə gəldikdə isə bilirik ki, 10-11 noyabr tarixlərində ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində üçtərəfli danışıqları bərpa etdilər. Bu fakt özü əslində hələ də diplomatik imkanların mövcudluğunu göstərir. Lakin ərazi məsələləri və Ukraynanın gələcək təhlükəsizlik təminatları üzrə ciddi fikir ayrılıqları qalmaqdadır.
Əsas problem Moskvanın ərazi və NATO ilə bağlı tələbləri ilə Kiyevin suverenlik və təhlükəsizlik təminatları məsələsindəki mövqelərinin uzlaşmamasıdır. Buna görə də yaxın perspektivdə hərtərəfli sülh sazişinin imzalanması bir o qədər də real görünmür. Amma atəşkəs, əsir mübadiləsi, enerji infrastrukturlarının qorunması və digər mərhələli razılaşmaların əldə olunması imkanları müzakirə edilə bilər.
Ümumiyyətlə isə, müharibənin diplomatik yolla başa çatdırılması mümkündür, lakin bunun üçün tərəflərin qarşılıqlı güzəştlərə hazır olması, Ukraynanın təhlükəsizlik maraqlarının təmin edilməsi və əldə ediləcək razılaşmaların icrasına beynəlxalq təminat mexanizmlərinin yaradılması vacibdir. Əks halda, müvəqqəti atəşkəs belə gələcəkdə yeni hərbi qarşıdurma riskini aradan qaldırmaya bilər”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər