Prezident İlham Əliyev: "Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir"
"Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var". Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə aparılmalıdır: "Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik".
Şuşa Qlobal Media Forumunun Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilməsi təsadüfi deyildi. Qarabağın tacı olan bu şəhər Azərbaycanın mədəni və elmi irsinə töhfə verib. Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.
"BUGÜNKÜ GÖRÜŞÜ BURADA, YENİ TİKİLMİŞ KONQRES MƏRKƏZİNDƏ, XANKƏNDİNİN ZƏFƏR MEYDANINDA KEÇİRMƏK QƏRARINA GƏLDİK"
Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib.
"Ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.
Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Bununla şərhimi yekunlaşdırıram ki, müzakirə üçün daha çox vaxt qalsın. Bir daha bizimlə olduğunuz üçün təşəkkür edirəm", - deyə Azərbaycan Prezidenti bildirib.
"ÖZ MARAQLARINI NƏZƏRƏ ALANDA, QONŞUNUN DA MARAQLARINA BAXMAQ LAZIMDIR"
Dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. "Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub", - deyə Prezident İlham Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır: "Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır".
"BİZƏ SABİTLİK, TƏHLÜKƏSİZLİK LAZIMDIR"
Dövlətimizin başçısı Cənubi Qafqazın sabit məkan olacağını bildirərək, bizə sabitliyin, təhlükəsizliyin lazım olduğunu bildirib: Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib: "Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq". Azərbaycan Prezidentinə ünvanlanan "Biz sülh sazişinə nə dərəcədə yaxınıq, nə qədər nikbin ola bilərik?" sualına gəlincə dövlət başçımız bildirib ki, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Azərbaycan sülh prosesinin təşəbbüskarıdır. Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı Minsk Qrupunun həmsədrlərinə müraciət edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində lazımi nəticə əldə olunmayıb. İki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub: Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. "Bu iki məsələ, - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımızın sözlərinə görə, bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik: "Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq".
"TƏƏSSÜF Kİ, BİZ RUSİYA RƏSMİLƏRİNDƏN HEÇ BİR CAVAB ALMAMIŞIQ"
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı da cavablandırıb. Ona ünvanlanan "AZAL şirkətinə məxsus təyyarəsi ilə bağlı insidentlə əlaqədar Azərbaycanın şərtləri, tələbləri Rusiya tərəfindən qəbul edilibmi?" sualını cavab olaraq belə deyib: "Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, nə baş verdiyini bilirik. Biz bunu sübut edə bilərik və bilirik ki, Rusiya rəsmiləri də məsələdən xəbərdardırlar. Onlar da nə baş verdiyini gözəl bilirlər. Sual olunur: niyə görə onlar analoji halda hər bir qonşunun etməli olduğu hərəkəti etmədi? Bizim tələbimiz təbii idi - Rusiya tərəfi öz günahını etiraf etsin, təyyarəmizi vuranlar cəzalandırılsın, qəzada həlak olmuş və yaralanmış şəxslərin ailələrinə, eləcə də AZAL-ın təyyarəsinə görə təzminat ödənilsin".
"BİZİM İNKİŞAF EDƏN KİÇİK ADA DÖVLƏTLƏRİ ÜZRƏ XÜSUSİ FORMATIMIZ VAR"
Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən güclü və qüdrətli Azərbaycan müasir dünyamızı narahat edən məsələlərin müzakirə olunmasında unikal məkandır. Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisi olaraq mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların və s. təşkili ölkəmizə həvalə olunur. Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsi Azərbaycanda hökm sürən sabitliyin, təhlükəsizliyin göstəricisidir. COP29-un təşkilinə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail oldu. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi ölkəmizin nüfuzunun daha bir göstəricisidir.
COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasından baxıldı. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya göstərə bildi. Əlbəttə ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.
Müasir dünyamızın üzləşdiyi problemlərdən olan iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlər ada dövlətləridir. Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasına xüsusi olaraq diqqət ayırır. Kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına öz töhfəsini verir. Kiçik ada ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Qeyd edək ki, Millətlər Birliyinin 56 üzvündən 25-i inkişaf etməkdə olan ada dövlətləridir. Çağırışlarla üzləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. Bildiyimiz kimi, COP29-a sədrlik edən Azərbaycan iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərini dəstəklədiyi kimi, COP29-un sədri kimi onlara dəstəyini də ifadə etmiş oldu. "COP29 çərçivəsində iqlim dəyişmələri ilə bağlı Afrika ölkələrinə birmənalı dəstək gündəliyimizin prioritetlərindən biri idi", - deyən Prezident bildirib ki, bizim inkişaf edən kiçik ada dövlətləri üzrə xüsusi formatımız var, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır: "Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır. Lakin Afrika qitəsindəki ölkələrə gəldikdə, onlar da bizim gündəliyimizdədir… Biz bəzi Afrika ölkələri üçün bir sıra aşağıfaizli kredit müqavilələri üzərində çalışırıq. Mən xüsusi təfərrüatlara varmaq istəmirəm, lakin bu, həqiqətən gündəliyimizdədir və biz daha fəal olmaq istəyirik. Bir yerdə çox iş görə bilərik, çünki biz xaricə sərmayələr yatırmaq istəyirik və investisiya üçün sahələr axtarırıq. İnvestisiya portfelimiz 20 milyard ABŞ dollarını keçib. Mən Azərbaycandan kənarda yatırılmış investisiyaları nəzərdə tuturam. Ona görə Afrika ölkələrinin potensialına gəldikdə, biz bunları birləşdirərək əməkdaşlıq qura bilərik".
Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək. Xankəndidən bir daha Azərbaycanla bağlı həqəqətləri dünyaya mesaj olaraq çatdırıb.
Zümrüd BAYRAMOVA