PDF Oxu

Köşə

  • 2 839

Qlobal su çatışmazlığı güclənir: Bizi nə gözləyir? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünyada su problemi getdikcə kəskinləşir. Qlobal iqlim dəyişiklikləri və ekoloji proseslərin pozulması nəticəsində istiləşmə və quraqlıq artır, çaylar göllər quruyur, suya tələbat isə davamlı artır. Artıq bir sıra ölkələrdə ciddi problem yaranıb, hətta Yaxın Şərqdə və Şimali Afrikada transsərhəd çayların suyundan istifadədə narazılıqlar artıb, ölkələr müharibə həddinə gəlib.

Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil və ciddi tədbirlər görülməsi vacibdir. Quraqlığın artacağı təqdirdə Azərbaycan ciddi su problemi gözlənilən ölkələr siyahısındadır. Digər ölkələrlə müqayisədə bizdə əraziyə və əhaliyə nisbətdə su ehtiyatlarının faiz göstəriciləri çox aşağıdır. Ölkənin şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur.

Bu isə o deməkdir ki, qlobal su böhranı dərinləşərsə, qonşu ölkələrdən gələn su mənbələrindən su götürmək mümkün olmaya bilər. Bu vəziyyətdə qonşu ölkələr transsərhəd çaylardakı su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Bu, çox ciddi strateji təhlükədir. Ona görə də su resurslarının qorunması, onlardan səmərəli istifadə, su mənbələrinin çirklənməsinə və qurumasına səbəb olan amillərin aradan qaldırılması vacibdir. Burada təkcə dövlətin yox, əhalinin də rolu son dərəcə əhəmiyyətlidir. Su israfçılığına yol verməməliyik.

2030-cu ilə qədər səhralaşma prosesinin güclənəcəyi, Bir çox çay və göllərin quruyacağı, su ehtiyatlarının azalacağı proqnozlaşdırılır. Son illərdə Kür və Araz çaylarının suyu minimuma qədər azalıb, bir çox kiçik çaylar və göllər quruyub. Xəzər dənizində də suyun səviyyəsi getdikcə aşağı düşür.

Ölkələr su qıtlığıyla bağlı müxtəlif tədbirlər görür, alternativ mənbələrdən istifadə edirlər. Çox sayda su anbarları yaradılır, artezianlar qurulur, bir yerdə artıq olan su mənbələrindən suyun az olduğu başqa ərazilərə kanallar çəkilir. Bir çox ölkələr dərinliklərdə yerləşən su hövzələrindən suyun çıxarılması üçün böyük layihələrin icrasına başlayır.

Eyni zamanda dəniz və okeanlardan götürülən sular duzsuzlaşdırılıb istifadə olunur. Bu proses kifayət qədər bahalı olsa da, qlobal su böhranından xilas olmağın alternativlərindən biridir. Azərbaycanda da pilot layihə kimi Xəzərin suyunu şirinləşdirmək üçün zavod yaradılıb. Amma bu suyun qiyməti digər mənbələrdən götürülən suya nisbətdə dəfələrlə baha başa gəlir.

Dövlət başçısının su təsərrüfatının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni su mənbələrinin yaradılması ilə bağlı sərəncamları var. Çaylar üzərində 60-a yaxın su anbarının tikilməsi nəzərdə tutulub. Bir neçə belə su anbarı artıq tikilib.

İmkan olan yerlərdə artezianlar vasitəsilə yer təkindəki sulardan istifadə etmək olar. Suvarmada qənaətcil texnologiyalara keçmək, damcı və çiləmə suvarma sistemlərindən istifadəni stimullaşdırmaq lazımdır. Bu texnologiyaların vasitəsilə əkin sahələrini azı 3-4 dəfə az su ilə daha effektiv suvarmaq mümkündür.

Su itkilərinin bir hissəsi də ötürücü kanallarda itirilir. Azərbaycanda su kanallarının ümumi uzunluğu 50 min kilometrdən çoxdur. Bunun 90 faizindən çoxu da torpaq kanallarıdır ki, onlarla ötürülən su torpağın alt qatlarına hopur və təyinat nöqtələrinə az bir hissəsi gedib çatır. Hamısı olmasa da, mümkün qədərini beton kanallarla əvəzləmək lazımdır. Bəzi yerlərdə isə borulardan istifadə etmək olar.

Su təsərrüfatının idarəetməsində ciddi problemlər var. Dünya üzrə ən çox su itkisi olan ölkələrdən biriyik. Dünya norması 5-6 faiz olduğu halda qeyri-effektiv idarəetmə səbəbindən bizdə su itkisi 30-40-faizdir.

Dövlət Su Ehtiyatları Agentliyi düzgün nəzarət sistemi yarada bilsə, problemlərin səbəblərini araşdırıb aradan qaldırsa özümüzü qlobal su böhranından sığortalaya bilərik.

İşğaldan azad olunan ərazilərdəki böyük su ehtiyatlarına çıxışımız yarandı. Ölkənin su ehtiyatlarının 25 faizi Qarabağ zonasındadır. Düzgün istifadə edə bilsək, su kanalları vasitəsilə həmin su ehtiyatlarından digər rayonlara da su ötürmək olar.

Su qıtlığı aqrar sektorun sıradan çıxmasına, iqtisadi böhrana səbəb ola bilər. Nə qədər ki gec deyil, bu istiqamətdə ciddi və sürətli tədbirlər görülməlidir.

Digər xəbərlər