28 May Azərbaycan xalqının tarixində milli qürur, azadlıq və dövlətçilik ənənələrinin təcəssümü olan əlamətdar gündür. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik arzularını gerçəyə çevirdi, milli dövlətçilik ənənələrinin əsasını qoydu və gələcək nəsillərə azadlıq ideyasını miras qoydu.
Azərbaycan xalqı tarix boyu öz dövlətçiliyinə və müstəqilliyinə sadiq qalmış, bu müqəddəs dəyərləri qorumaq üçün böyük mübarizələr aparmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə xalqımız yenidən azad yaşamaq hüququnu əldə etsə də, həmin dövr ölkə üçün mürəkkəb siyasi və iqtisadi çətinliklərlə müşayiət olunurdu. Məhz belə ağır bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq onu əbədi və dönməz etdi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin olundu, dövlət idarəçiliyi möhkəmləndirildi, ordu quruculuğu sürətləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Onun müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsasını qoydu. Heydər Əliyev hər zaman bildirirdi ki, “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.” Bu dahi siyasi baxış Azərbaycan dövlətinin gələcək inkişaf yolunu müəyyənləşdirən əsas ideoloji xəttə çevrildi.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətinə çevrilmiş, siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycanın dövlət müstəqilliyinin gücünü və xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə həm də Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsioldu.
Hazırda işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması Azərbaycanın müstəqil dövlət kimi gücünü və inkişafını bir daha göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkəmizin gələcəyinin daha da parlaq olacağından xəbər verir.
28 May Müstəqillik Günü təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə böyük inamın ifadəsidir. Bu gün Azərbaycan xalqı güclü dövlətin və qalib xalqın nümayəndəsi kimi öz müstəqilliyini qürurla yaşayır. Əminliklə demək olar ki, Ümummilli lider Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan müstəqillik yolunda daha böyük zirvələr fəth edəcək, dövlətçiliyimiz əbədi yaşayacaqdır.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi