Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi milli azadlıq ideyaları, istiqlal uğrunda mübarizə və milli kimliyin qorunması kimi mühüm dəyərlərlə zəngindir. Bu tarix içərisində xüsusi yer tutan ən mühüm hadisələrdən biri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq arzularının, milli oyanışının və müstəqil dövlət qurmaq əzminin təntənəsi idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər də bu tarixi hadisənin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha göstərir.
Heydər Əliyev qeyd edirdi ki, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.” Bu fikir Azərbaycan xalqının təsadüfi şəkildə deyil, uzun illər davam edən milli oyanış və maarifçilik nəticəsində dövlət müstəqilliyinə nail olduğunu göstərir. XIX əsrin sonlarından başlayaraq Azərbaycanda maarifçilik hərəkatı güclənmiş, milli mətbuat yaranmış, ziyalı təbəqəsi formalaşmışdır.
Həmin dövrdə Azərbaycan ziyalıları xalq arasında azadlıq, milli birlik və müstəqillik ideyalarını təbliğ edir, xalqı elmə, tərəqqiyə və milli birliyə səsləyirdilər. Bu milli oyanış nəticəsində xalq özünün müstəqil dövlət qurmaq hüququnu dərk etməyə başladı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da məhz bu ideoloji və mənəvi zəminin nəticəsi idi. Ulu Öndərin dediyi kimi, milli dirçəliş və milli oyanış əhval-ruhiyyəsi məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, çox mühüm dövlətçilik ənənələri yaratdı. İlk dəfə olaraq Azərbaycanda parlament sistemi quruldu, qadınlara seçki hüququ verildi, dövlət atributları qəbul edildi. Bu addımlar göstərirdi ki, Azərbaycan xalqı demokratik dəyərlərə və müasir dövlətçilik prinsiplərinə sadiqdir. Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün Şərqin siyasi tarixində yeni bir mərhələ açdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirərək onun Azərbaycan dövlətçiliyinin əsaslarından biri olduğunu vurğulayırdı. O qeyd edirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.” Bu fikir onu göstərir ki, müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi hesab edir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşdu və Cümhuriyyət ənənələri davam etdirildi.
Müstəqil Azərbaycanın möhkəmlənməsində və inkişafında Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu Öndər dövlət müstəqilliyini qoruyaraq ölkədə siyasi sabitlik yaratmış, milli dövlətçilik ideologiyasını gücləndirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan beynəlxalq aləmdə tanınan, güclü və müstəqil dövlətə çevrilmişdir. Heydər Əliyev hər zaman gənclərə milli tariximizi öyrənməyi, dövlətçilik ənənələrinə sahib çıxmağı tövsiyə edirdi. Çünki xalqın gələcəyi onun keçmişinə və milli dəyərlərinə bağlıdır.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli birliyinin və dövlətçilik ənənələrinin gücünü bir daha sübut etdi. Müasir Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın iqtisadi gücü artmış, ordumuz müasir silahlarla təchiz olunmuş və ölkəmiz beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Bütün bunların nəticəsi olaraq Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm hadisələrindən birinə – 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərə şahidlik etdi.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Qarabağ və Şərqi Zəngəzur üzərində Azərbaycanın suverenliyi bərpa olundu. Şuşanın azad edilməsi xalqımızın milli qürurunu daha da yüksəltdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Uzun illər doğma yurdlarından didərgin düşmüş insanlar artıq öz torpaqlarına qayıdırlar. Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işləri aparılır, yeni şəhərlər və kəndlər salınır, həyat yenidən canlanır.
Bu gün azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətçilik ənənələrinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı müstəqil və güclü dövlət artıq reallığa çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin ideyaları və siyasi irsi müasir Azərbaycanın uğurlarında yaşayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq ruhunun və dövlətçilik ənənələrinin təntənəsi idi. Bu gün müstəqil Azərbaycan həmin tarixi irsin davamçısı kimi daha da güclənir və inkişaf edir. Azərbaycan xalqı öz qəhrəman oğullarının şücaəti, şəhidlərimizin qanı hesabına torpaqlarını azad etmişdir. Bu böyük Zəfər xalqımızın birlik və iradəsinin, dövlətimizin gücünün ən parlaq nümunəsidir. İndi Azərbaycanın qarşısında duran əsas məqsəd azad edilmiş torpaqlarımızı bərpa etmək, onları inkişaf etmiş və firavan bölgələrə çevirməkdir. Xalqımız inanır ki, müstəqil Azərbaycan bundan sonra da daim yüksələcək, güclənəcək və öz şanlı tarixini yeni uğurlarla davam etdirəcəkdir.
Pərviz Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının əməkdaşı