PDF Oxu

Siyasət

  • 1 007

Müstəqil Azərbaycan dövlətçiliyinin şanlı salnaməsi

image

28 May Azərbaycan xalqının tarixində təkcə dövlət bayramı deyil, milli qürur, azadlıq düşüncəsi və dövlətçilik ənənələrinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə ilə Azərbaycan xalqı öz taleyinin sahibi olduğunu bəyan etdi və müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın əsasını qoydu.
Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan bu əlamətdar gün xalqımızın milli azadlıq ideallarının gerçəkləşdiyi ən mühüm mərhələlərdən biri hesab olunur. Çətin ictimai-siyasi şəraitdə yaranmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində böyük dövlətçilik ənənələri formalaşdırmağa nail oldu. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət milli dövlət atributlarını yaratdı, parlament və hökumət təsisatlarını formalaşdırdı, dövlət sərhədlərini müəyyənləşdirdi, milli ordu quruculuğuna başladı və Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daxil olması istiqamətində mühüm addımlar atdı.
1918-ci ildə dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Azərbaycan ziyalıları və siyasi xadimləri böyük fədakarlıq nümayiş etdirərək milli dövlət quruculuğu missiyasını həyata keçirdilər. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikri Azərbaycan xalqının müstəqillik ruhunun və azadlıq iradəsinin rəmzinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti insan hüquq və azadlıqlarını əsas tutaraq demokratik idarəçilik modelini seçdi. Hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi Cümhuriyyətin nə qədər mütərəqqi və demokratik dövlət olduğunu göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə təhsil, mədəniyyət və milli maarifçilik istiqamətində də mühüm addımlar atıldı. Dövlət dili Azərbaycan dili elan edildi, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi, məktəblərin və təhsil müəssisələrinin fəaliyyəti genişləndirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli təhsil tariximizin ən mühüm hadisələrindən biri oldu. Bu addımlar sübut edirdi ki, Cümhuriyyət rəhbərləri müstəqil dövlətin gələcəyini savadlı və milli ruhda yetişən gənclərdə görürdülər.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq müstəvidə də mühüm uğurlar qazandı. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi de-fakto tanındı. Bu, Azərbaycanın dünya dövlətləri sırasında yer alması baxımından böyük siyasi nailiyyət idi. Həmin dövrdə həyata keçirilən uzaqgörən siyasət müasir Azərbaycan diplomatiyasının əsaslarını formalaşdırdı.
Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti bolşevik işğalı nəticəsində dayandırıldı. Lakin müstəqillik ideyası xalqımızın yaddaşından silinmədi. Azərbaycan xalqı hər zaman azad və müstəqil dövlətə sahib olmaq arzusu ilə yaşadı. Məhz bu idealların nəticəsi olaraq 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.
Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış siyasi və iqtisadi böhran dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir çətin zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq ölkəmizi inkişaf yoluna çıxardı. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın təməli qoyuldu və ölkəmizin beynəlxalq nüfuzu yüksəldi.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Son illərdə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər Azərbaycanın güclü dövlətə çevrildiyini bir daha sübut edir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın milli gücünü və xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin tarixi uğurlarından biridir.
Bu gün üçrəngli bayrağımız ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. 28 May Respublika Günü müstəqil dövlətimizin gücünü, xalqımızın milli həmrəyliyini və dövlətçilik ənənələrinə sadiqliyini təcəssüm etdirir. Azərbaycan xalqı öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və müstəqillik ideallarına daim sadiqdir. 28 May həm də gələcək nəsillərə ünvanlanan mühüm mesajdır. Bu tarix göstərir ki, xalqımız azadlıq və müstəqillik uğrunda böyük mübarizələrdən keçərək güclü dövlət qurmağa nail olub. Azərbaycan Xalq Cümhuriyyətinin irsi bu gün də yaşayır və müasir Azərbaycanın inkişaf strategiyasında öz əksini tapır. Dövlətimizin qazandığı uğurlar, beynəlxalq arenada artan nüfuzu və həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın gələcəyinin daha da parlaq olacağını göstərir. Respublika Günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Bu əlamətdar tarix xalqımızın azadlıq salnaməsinin ən şərəfli səhifələrindən biri kimi daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər