PDF Oxu

Siyasət

  • 464

Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi - ŞƏRH

Dövlət Bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və dövlətçilik ənənələrimizin rəmzi - ŞƏRH

Nəzrin Əlizadə

YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində mühüm yer tutan, milli qürurumuzu, dövlətçilik ənənələrimizi və müstəqilliyə olan sarsılmaz bağlılığımızı təcəssüm etdirən əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq iradəsinin, milli birliyinin və suverenliyinin ən parlaq ifadəsidir. Üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində Vətən sevgisini, doğma torpağa bağlılığı və dövlətimizə olan sədaqəti özündə birləşdirən müqəddəs rəmz kimi xüsusi yer tutur.

Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayrağımız qəbul edilmişdir. Bu tarixi qərar xalqımızın müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsinin mühüm göstəricisi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız müəyyən müddət dövlət rəmzi kimi istifadə edilməsə də, xalqımızın milli yaddaşında və müstəqillik arzularında yaşamağa davam etmişdir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayrağımız yenidən Azərbaycanın dövlətçilik tarixində öz layiqli yerini tutmuşdur.

Dövlət Bayrağımızın hər bir rəngi dərin mənəvi məna daşıyır. Mavi rəng türk mənşəyimizi və türkçülük ideyalarını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik cəmiyyət qurmaq istəyini, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Bayrağımızın üzərində yerləşən aypara və səkkizguşəli ulduz da milli kimliyimizin və tarixi dəyərlərimizin mühüm elementləridir. Bu rənglərin və simvolların bir araya gəlməsi Azərbaycan xalqının zəngin mənəvi dünyasını, tarixi köklərini və gələcəyə yönəlmiş inkişaf məqsədlərini əks etdirir.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin beynəlxalq aləmdə tanınmasının, siyasi və iqtisadi uğurlarının, həmçinin dövlət suverenliyinin əsas rəmzlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda təmsil olunması, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər və həyata keçirilən genişmiqyaslı layihələr üçrəngli bayrağımızın dünyanın müxtəlif guşələrində ucalmasına şərait yaradır.

Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Dövlət Bayrağımızın mənəvi dəyərini daha da yüksəltmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması xalqımızın uzun illər ərzində yaşadığı həsrətin sona çatmasının, milli iradəmizin və dövlət suverenliyimizin təntənəsinin ifadəsidir. Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Cəbrayılda və digər doğma torpaqlarımızda dalğalanan bayrağımız hər bir azərbaycanlı üçün sonsuz qürur və sevinc mənbəyidir.

Dövlət Bayrağı Gününün qeyd olunması gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Gənclər olaraq biz dövlət rəmzlərimizi qorumağı, tariximizi dərindən öyrənməyi və Azərbaycanın inkişafına töhfə verməyi özümüzə əsas vəzifə hesab etməliyik. Bayrağımıza göstərilən ehtiram yalnız bir dövlət atributuna münasibət deyil, eyni zamanda Vətənə, xalqa və müstəqil dövlətimizə olan sevginin göstəricisidir.
Mənim düşüncəmə görə, üçrəngli bayrağımız Azərbaycanın keçmişini, bu gününü və gələcəyini birləşdirən ən dəyərli rəmzlərdən biridir. Onun hər zaman uca zirvələrdə dalğalanması xalqımızın birliyinin, gücünün və müstəqilliyinin göstəricisidir. Hər bir gənc bayrağımızın təmsil etdiyi dəyərləri yaşatmalı, dövlətçiliyimizə sadiq olmalı və ölkəmizin tərəqqisi naminə fəal iştirak etməlidir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanımızın daim inkişaf etməsini, dövlətimizin gücünün və nüfuzunun daha da artmasını arzulayıram. Üçrəngli bayrağımız hər zaman başımızın üzərində ucalacaq, milli qürurumuzun, azadlığımızın və əbədi dövlətçiliyimizin rəmzi olaraq gələcək nəsillərə ötürüləcəkdir.

Digər xəbərlər