PDF Oxu

Siyasət

  • 1 238

Vətəndaşların hüquq və azadlıqları! - ŞƏRH

Vətəndaşların hüquq və azadlıqları! - ŞƏRH

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi qeyd olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirən ali qanundur. Konstitusiyanın əsas mahiyyəti insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun təmin edilməsidir. Azərbaycan Konstitusiyasında hər bir insanın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyətə sahib olmaq, fikir və söz azadlığından istifadə etmək hüquqları təsbit olunub. Bu hüquqlar vətəndaşların cəmiyyətdə bərabər imkanlara malik olmasının və öz potensialını reallaşdırmasının əsas təminatıdır. Konstitusiya eyni zamanda hər bir vətəndaşın qanun qarşısında bərabərliyini, şəxsi toxunulmazlığını və hüquqlarının dövlət tərəfindən qorunmasını nəzərdə tutur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən ilk müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə müasir hüquqi dövlət quruculuğunun əsasını qoydu. Bu sənəd dövlətin idarə olunmasında hüququn aliliyini, insan hüquqlarına hörməti və demokratik prinsipləri başlıca meyar kimi müəyyənləşdirdi. Sonrakı illərdə Konstitusiyaya edilən dəyişikliklər də cəmiyyətin inkişafı və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm hüquqi yenilikləri əhatə etdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, qanunvericilik sisteminin təkmilləşdirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Vətəndaş məmnunluğunun artırılması, dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi və sosial rifahın yüksəldilməsi bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətlə vətəndaş arasında münasibətlərin əsasını təşkil edən mühüm ictimai dəyərdir. Hər bir vətəndaş öz hüquqlarını bilməli, azadlıqlarına hörmət etməli və eyni zamanda üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Çünki hüquq və vəzifələrin vəhdəti sağlam, ədalətli və güclü cəmiyyətin formalaşmasının əsas şərtidir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycan dövlətinə davamlı inkişaf, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq. Konstitusiyamız dövlətçiliyimizin hüquqi təminatı, hüquq və azadlıqlarımızın əsas dayağıdır!

Elnur Məmmədov,

YAP Lerik rayon təşkilatının sədr müavini

Digər xəbərlər