PDF Oxu

Siyasət

  • 548

Suveren dövlətin hüquqi pasportu: 12 Noyabr Konstitusiya Günü - ŞƏRH

Suveren dövlətin hüquqi pasportu: 12 Noyabr Konstitusiya Günü - ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixində də Konstitusiyanın qəbul edilməsi müstəqilliyimizin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması baxımından mühüm hadisə olmuşdur.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub.
Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğrayıb, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulub. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açıb, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməyib. Bunu bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda (XVIII əsrdə) Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da bu qəbildəndir.
XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan milli qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi Ümummilli Lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət - Heydər Əliyev var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Ulu Öndərimizin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər sonrakı illər öz bəhrəsini verdi. Məhz Heydər Əliyev güclü Azərbaycanın – ictimai-siyasi sabitlik şəraitində sürətli iqtisadi inkişaf yolu ilə inamla irəliləyən milli dövlətimizin əsasını qoydu.
Hələ 1993-cü ildə Ali Sovetin sədri seçilərkən Ulu Öndər Heydər Əliyev böyük proqram xarakterli nitqlə çıxış edərək yeni qəbul olunacaq Konstitusiyanın konturlarını uzaqgörənliklə müəyyənləşdirib.
Bu böyük amal illər sonra onun siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, fövqəladə təşkilatçılıq bacarığı, mahir diplomatiyası sayəsində və qəhrəman ordumuzun şücaəti, şəhidlərimizin canı, qanı bahasına gerçəkləşdirildi. Təsadüfi deyil ki, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının müəllifi məhz Ulu Öndərimizdir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Elşad Cəfərov

YAP Culfa rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər