PDF Oxu

Siyasət

  • 547

Üçrəngli bayrağımız – bütöv Azərbaycanın şərəf və qürur zirvəsi - ŞƏRH

Üçrəngli bayrağımız – bütöv Azərbaycanın şərəf və qürur zirvəsi - ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixində elə müqəddəs rəmzlər var ki, onlar yalnız dövlətin deyil, bütöv bir millətin kimliyini, mənəvi dünyasını, azadlıq iradəsini və gələcəyə inamını özündə ehtiva edir. Üçrəngli Dövlət Bayrağımız da bu ali dəyərlərin ən parlaq ifadəsidir. Bu bayraq Azərbaycanın müstəqillik əzminin, milli birliyinin, tarixi yaddaşının və sarsılmaz dövlətçilik iradəsinin təcəssümüdür.

Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımız üçün sadəcə təqvimdə əlamətdar bir tarix deyil, həm də milli qürurumuzun, azadlıq mübarizəmizin və müstəqil dövlət quruculuğu yolumuzun rəmzi olaraq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli bayrağımız ilk dəfə həmin gün hökumət binası üzərində dalğalanaraq milli dövlətçiliyimizin simvollarından birinə çevrildi. Cümhuriyyətin süqutundan sonra bu müqəddəs rəmzin yenidən dövlət bayrağı səviyyəsinə yüksəlməsi isə xalqımızın müstəqillik ideallarına sadiqliyinin təntənəsi oldu.

Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın yenidən qaldırılması Azərbaycan dövlətçilik tarixində dönüş nöqtələrindən biri oldu. Bu addım milli müstəqilliyə gedən yolun mühüm siyasi və mənəvi təzahürü idi. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi. Beləliklə, Ulu Öndər Heydər Əliyev milli dövlətçilik rəmzimizi yenidən xalqımıza qaytarmaqla yanaşı, müstəqil Azərbaycanın gələcək inkişafının ideoloji əsaslarını da möhkəmləndirdi.

Bayrağımızın üç rəngi xalqımızın milli-mənəvi dünyasını və dövlətçilik fəlsəfəsini özündə birləşdirir: mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli kimliyimizin ayrılmaz atributlarıdır. Bu rənglərin hər biri tariximizdən gələn dəyərləri, bu günümüzün nailiyyətlərini və gələcəyə yönələn hədəflərimizi özündə yaşadır.

Azərbaycanın müstəqillik tarixində ən böyük sınaqlardan biri torpaqlarımızın uzun illər işğal altında qalması idi. Lakin xalqımızın Vətən sevgisi, milli birliyi və dövlətinə bağlılığı heç zaman sarsılmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə üçrəngli bayrağımıza yeni bir məna, yeni bir əzəmət qazandırdı. Hər azad edilən yaşayış məntəqəsində yüksələn bayrağımız xalqımızın ədalətə, suverenliyə və ərazi bütövlüyünə olan sarsılmaz inamının təntənəsinə çevrildi.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpası bu tarixi mübarizənin məntiqi yekunu oldu. Xankəndidə, Xocalıda, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması dövlətimizin gücünün, xalqımızın iradəsinin və milli birliyimizin əyani təcəssümüdür. Artıq bayrağımız yalnız Zəfərin deyil, həm də azad torpaqlarımızda başlanan yeni quruculuq və inkişaf mərhələsinin rəmzidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan soydaşlarımızın həyatında baş verən yeniliklər dövlətimizin qüdrətini və gələcəyə inamını nümayiş etdirir. Vaxtilə işğal altında qalan torpaqlarımızda dövlət bayrağımızın dalğalanması həm də şəhidlərimizin müqəddəs xatirəsinə, onların yarımçıq qalan arzularına ən böyük ehtiramdır.

Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: bayraq yalnız yüksəldilən deyil, qorunan, uğrunda mübarizə aparılan və gələcək nəsillərə əmanət edilən müqəddəs dəyərdir. Bu gün hər birimizin üzərinə düşən vəzifə müstəqilliyimizi, dövlətçiliyimizi, milli birliyimizi qorumaq, üçrəngli bayrağımızın təmsil etdiyi ali ideallara sədaqətlə xidmət etməkdir.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf və Zəfər mərhələsinə qədəm qoyub. Bu gün üçrəngli bayrağımız beynəlxalq tədbirlərdə, mötəbər idman yarışlarında, diplomatik platformalarda və azad Qarabağımızın səmasında qürurla dalğalanır. Onun hər dalğalanışı müstəqilliyimizin əbədiliyinə, dövlətimizin qüdrətinə və xalqımızın sarsılmaz iradəsinə olan inamımızı daha da gücləndirir.

Bayrağımız daim yüksəklərdə dalğalansın! Bu bayrağın kölgəsində birliyimiz, gücümüz və gələcəyə inamımız əbədi olsun!

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər