PDF Oxu

Siyasət

  • 558

Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü - ŞƏRH

Üçrəngli bayrağımız – xalqımızın milli birliyinin və azadlıq iradəsinin təcəssümü - ŞƏRH

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik tarixini, müstəqillik uğrunda mübarizəsini və gələcəyə olan inamını özündə əks etdirən ən müqəddəs dövlət rəmzlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqı üçün böyük mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu əlamətdar gün dövlət atributlarımıza olan ehtiramın, milli həmrəyliyin və Vətənə bağlılığın təcəssümüdür. Üçrəngli bayrağımızın dalğalanması müstəqil Azərbaycan dövlətinin varlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.

Azərbaycan bayrağının tarixi xalqımızın dövlətçilik ənənələrinin zənginliyindən xəbər verir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız müstəqil dövlət qurmaq arzusunu reallaşdırmışdır. Həmin ilin noyabrın 9-da qəbul edilən üçrəngli bayrağımız Cümhuriyyətin milli ideallarını və dövlətçilik prinsiplərini özündə əks etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, onun yaratdığı dövlətçilik irsi xalqımızın yaddaşında əbədi yaşayır. Üçrəngli bayrağımız bu irsin ən mühüm simvollarından biri kimi bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.

Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri Azərbaycan xalqının ideoloji və mənəvi dünyasını ifadə edir. Mavi rəng türk xalqları ilə bağlılığımızı, qırmızı rəng müasir inkişafı və tərəqqi ideyalarını, yaşıl rəng isə islam mədəniyyətinə mənsubiyyətimizi simvolizə edir. Aypara və səkkizguşəli ulduz bayrağımızın görünüşünü tamamlayaraq onun milli və tarixi mahiyyətini daha da gücləndirir. Bu rəmzlər xalqımızın keçmişdən gələn dəyərləri qorumaqla yanaşı, müasir dünyada inkişaf etmək və gələcəyə inamla addımlamaq istəyini əks etdirir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində milli rəmzlərimizə olan münasibət daha da güclənmiş, Azərbaycan xalqının müstəqillik idealları yeni mərhələyə qədəm qoymuşdur. Üçrəngli bayrağımızın dövlət atributu kimi qorunması və onun cəmiyyətimizdə yüksək mənəvi dəyərə malik olması milli kimliyimizin möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirən, iqtisadi və siyasi sahələrdə mühüm nailiyyətlər əldə edən müstəqil dövlətdir. Dövlət Bayrağımız müxtəlif beynəlxalq tədbirlərdə, diplomatik görüşlərdə və idman yarışlarında ölkəmizi layiqincə təmsil edir. Azərbaycan bayrağının dünya miqyasında ucalması xalqımızın qazandığı uğurların, dövlətimizin artan nüfuzunun və milli birliyimizin göstəricisidir.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı mənanı daha da dərinləşdirmişdir. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə dövlət bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi olmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci bayrağımızın təmsil etdiyi azadlıq və qürur hissini daha da gücləndirir.

Dövlət Bayrağı Günü bizə milli dəyərlərimizi qorumağın, dövlətçilik tariximizi yaşatmağın və gələcək nəsillərə ötürməyin vacibliyini xatırladır. Gənclər ölkəmizin gələcəyinin təminatçılarıdır. Bu baxımdan, hər bir gəncin milli tarixə, dövlət atributlarına və Vətənə olan sevgisi Azərbaycanın daha güclü və inkişaf etmiş dövlət kimi formalaşmasında mühüm rol oynayır. Dövlət bayrağımıza hörmətlə yanaşmaq, onun mənasını dərk etmək və milli qürurumuzu yaşatmaq hər birimizin mənəvi borcudur.

Şəxsi fikrimcə, Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın birliyini və milli ruhunu yaşadan ən dəyərli simvollardan biridir. Bayrağımızın hər dalğalanışı bizə müstəqilliyimizin qiymətini, tariximizin şanlı səhifələrini və gələcək qarşısında məsuliyyətimizi xatırladır. Biz gənclər bu müqəddəs rəmzin ucalığını qorumaqla yanaşı, ölkəmizin inkişafına, dövlətimizin güclənməsinə və milli dəyərlərimizin yaşadılmasına öz töhfəmizi verməliyik.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, üçrəngli bayrağımız daim sülhün, əmin-amanlığın, milli birliyin və dövlət suverenliyimizin rəmzi olaraq ən yüksək zirvələrdə dalğalansın. Azərbaycanımızın müstəqilliyi əbədi, dövlətçiliyimiz sarsılmaz, bayrağımız daim uca olsun!

Nigar Abbaszadə,
YAP Nərimanov rayon təşkilatının mühasibi

Digər xəbərlər