Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq mətbuatımızın keçdiyi tarixi və şərəfli yoldan geniş söz açmış, Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq xüsusi vurğuladı ki, Azərbaycanda milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında cənab prezident İlham Əliyev sərəncam imzalamışdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov keçən əsrin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, söz və məlumat azadlığından, medianın inkişafı üçün görülən işlərdən onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılmasından, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılmasından, maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə qəbul edilmiş qərarlardan geniş şəkilşdə danışdı. Azər Süleymanov həmçinin çıxışında 3-cü Şuşa Qlobal Media Forumunun keçirilməsinin informasiya mühitində məsuliyyətli vətəndaşlığın təbliğində, media məhsullarının istehlakında və istehsalında etik standartların qorunmasında, dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmanın tətbiqində, bütün bunların fonunda “media savadlılığı” anlayışının xüsusi diqqətdə saxlanılmasında nə qədər əhəmiyyətli gücə malik olduğunu da vurğuladı.
Çıxış edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbər və nümayəndələri – Xalq qəzetinin baş redaktorunun müavini, “Əməkdar jurnalist” Tahir Aydınoğlu, Səbuhi Abbasov, Məhəmmədəli Qəribli, Nahid Canbaxışlı və Azər Qaramanlı çıxışlarında qeyd etdilər ki, ötən zaman ərzində Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet, qəzetçilik yeni dövrün astanasına qədəm qoyur. Habelə bu sahədə çalışan şəxslər yüksək fəxri adlara və mükafatlara layiq görülür.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və RİH başçısının müavini Ramiz Quliyev çıxışlarında Milli Mətbuat Günü ilə əlaqədar mətbuat nümayəndələrini təbrik edərək, gələcək fəaliyyətlərində yeni uğurlar arzu ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndi və tədbir qapalı elan edildi.