PDF Oxu

Siyasət

  • 553

Vaqif Poeziya Günləri - Şuşada şeir və sənət bayramı

image

Qarabağın incisi Şuşamız yenidən toy-büsata büründü. 28 illik zamandan sonra yenidən öz həyatına qovuşan Şuşada bir-birindən fərqli məzmunda keçirilən tədbirlərə saysız insanlar toplaşır. Dili, irqi fərqli olan insanlar bu məkanın gözəlliyini duyur. Erməni işğalından azad olan qədim şəhər hər birimiz üçün and yerinə, müqəddəs məkana çevrilib.

Şuşa yenidən başqa bir ab-havanı yaşadı. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub. Tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Əlbəttə ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə keçirilməsi mühüm hadisədir. Tədbirin ardıcıl və davamlı şəkildə təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir. Böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı insanlarımızın doğulub boya-başa çatdığı müqəddəs Şuşa sözün əsl mənasında Azərbaycanın mədəniyyət paytaxtıdır.

VAQİF POEZİYASININ FİKİR YÜKÜ

Vaqif Poeziya Günləri, əslində, sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Molla Pənah Vaqifin adının UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətdir. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif İli" elan edilərək, bu çərçivədə tədbirlər keçirilib. Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib. Dünya miqyasında Vaqif kimi sənətkarın təbliği onun sənət dünyasının fikir yüküdür. Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də məqbərənin açılışı olub. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilir.

QAZAXDAN BAŞLANAN YOL ŞUŞA ŞƏHƏRİNDƏ YEKUNLAŞIB

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşıb.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpaolunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hotelində və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil edilib.

Əlbəttə ki, Şuşa musiqi beşiyidir. Buranın hər ağacı, hər qayası, axar suyu bu musiqinin avazı ilə nəfəs almış, bu musiqi qayaların, divarların, lal daşların da yaddaşına hopmuşdur. Bu gün həsrətlə gözlədiyimiz Şuşamızın, "Qafqazın Konservatoriyası"nın torpağındayıq. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada. Burada "Xarıbülbül" musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi Azərbaycanın mədəni həyatının təntənəsinə çevrilib. Bu gün Vaqifin ruhu şaddır. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpoziumlar, sərgilər təşkil olunur. Vaqif Poeziya Günləri təkcə ədəbiyyatdan, sənətdən deyil, Qarabağ tarixindən də dünyaya bir mesajdır.

Ruhu bu məkanlarda dolaşan insanlar azad, rahat nəfəs alırlar. Bülbülün, Natəvanın, Üzeyirin və digər sənətkarların ruhu mənən rahatlandı. Şuşalılar Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəlləri önünə gül dəstələri qoyaraq ziyarət etdilər. Uzun illər idi ki, heykəlləri güllələnmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doğma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Belə ki, donmuş üzlər hərəkətə gəldi, uzaq kimi görünən yollar bir addımlıqda oldu. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Cansız heykəllərə güllə ataraq qiymətli heykəlləri, milli memarlıq abidələrini, muzey əşyalarını gülləbəran etmişdilər. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb.

BÖYÜK QAYIDIŞIN İŞIĞI ALOVLANAN MÜQƏDDƏS MƏKAN

Bu torpaqda Böyük Qayıdışın işığı alovlanır. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Bu Qurultaya Zəfər adı verildi. Həmin adın verilməsi heç də təsadüfi deyil, müharibədə qazandığımız tarixi zəfərə əsasən Zəfər Qurultayı adlandırıldı. "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır", - deyə Cənab Prezident bildirmişdir. Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada oldular. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yol boyunca erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işlərinin şahidinə çevrildilər. Bu və ya digər tədbirlər Şuşanın ruhuna ruh qatmış oldu.

Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Ötən müddət ərizində böyük işlər görüldü və bu gün abadlıq-quruculuq işlərinin sürəti artıb. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yarımstansiya tikildi. Zəfər yolu çəkildi, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Tezliklə, Natəvan bulağı bərpa olundu və "Xarıbülbül" hoteli istifadəyə verildi. Əsrlərin yaddaşı var bu diyarda. Öz köklü-şəcərəli insanlarına qucaq açıb. Vaqif Poeziya Günlərinin iştirakçıları buranı ziyarət edərkən böyük abadlıq-quruculuq meydanına çevrildiyinin şahidi olublar. Milli Xalça Muzeyinin Şuşa filialın sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu özündə yaşadır. Saatlı məscidində konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun aparılır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yuxarı Gövhər Ağa məscidi qonaqların diqqətindən kənarda qalmayıb.

DAŞLAŞMIŞ YADDAŞDA TARİXİMİZ

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox", – deyə Cənab Prezident çıxışlarının birində bildirib. Artıq biz Şuşaya qayıtmışıq. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tarixi yaddaşı əsrlərin sorağıdır. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, işğaldan azad olunan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir.

2022-ci il dövlət başçısı tərəfindən "Şuşa ili" elan olundu. Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Şuşanı erməniləşdirməyə çalışan düşmən illərlə cəhdlər göstərsə də, bunun mümkünsüzlüyünün şahidi oldu. Çünki danışan, erməni vəhşiliyinə şahidlik edən Şuşanın hər daşı, qayası, tarixi oldu. Tarixi və dini abidələri dağıtmaqla, izləri silməyə cəhd etməklə sahibi olmadıqları torpaqların onlara məxsusluğunu sübut etməyə çalışan ermənilər hər zaman fakt qarşısında aciz qaldılar və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə tarix boyu unuda bilməyəcək dərsi verdi. Şuşada yeni bir həyat, qaynar dövr yaşanır. Dövlət başçımızın Şuşa şəhərinə etdiyi səfərlərin hər birində ya yeni infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər