PDF Oxu

Siyasət

  • 1 113

Sosial siyasətdə ədalətli yanaşma

image

500-ə yaxın qazi 610-dan çox son nəsil yüksək texnologiyalı protezlə təmin edilib

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə də dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb. Vətən müharibəsindən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3600-dən çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib. Son illər reabilitasiya mərkəzlərinin müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində mühüm işlər aparılıb.

Bu müəssisələrdə xidmət keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, xidmət göstərilənlərin illik sayının 10 dəfədən çox, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfə artırılmasına nail olunub. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər biri fərdi reabilitasiya proqramı əsasında mütəmadi olaraq bərpa-müalicə kursları keçib, effektiv fizioterapevtik prosedurlara cəlb ediliblər. Bu kurslar onların səhhətində yaxşılaşmaya, reabilitasiya potensiallarının reallaşdırılması istiqamətində mühüm irəliləyişə imkan yaradıb.

Vətən müharibəsindən sonra 2350-dək qazi isə 79,4 min reabilitasiya vasitəsi, o cümlədən 500-ə yaxın qazi 610-dan çox son nəsil yüksək texnologiyalı protezlə təmin edilib. Görülən işlərini davamı olaraq yeni sosial dəstək proqramı həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək proqramları həyata keçirilib.

106 MİN ŞƏXSƏ 119 MİN AYLIQ SOSİAL ÖDƏNİŞ

Şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi də davam edir. Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Sosial dəstək paketi üzrə postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Statistik göstəricilər əsasında deyə bilərik ki, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 27 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qeyd olunan sosial dəstək paketi ümumilikdə 131 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 391 min xidmət göstərilib.

ÜÇÜNCÜ "YAŞAT" YAY MƏKTƏBİ

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə Zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Hazırda "YAŞAT" Fondunun təşkilatçılığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi davam edir. Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. Yay məktəbi London Universitet Kollecində keçirilir və ilk növbədə, iştirakçılar ingilis dili biliyinin ölçülməsi məqsədilə səviyyə imtahanında iştirak ediblər. Daha sonra onlar hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Tədrislə yanaşı, proqram çərçivəsində zəngin ekskursiya proqramı da təşkil olunur. İştirakçıların ekskursiyası Londonun rəmzi sayılan "Big Ben"i ziyarətlə başlayıb Vestminster abbatlığı və sarayı ilə davam edib. Ardınca iştirakçılar Müqəddəs Pavel kafedralı və dünyanın ən çox ziyarət edilən, milli-beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi Teyt Modern Muzeyində olublar. Temza çayı üzərində tikilmiş ən yeni körpü olan Millenium və tarixi Tauer körpüsü, London qalası və Madam Tüsso Muzeyi də onların marağına səbəb olub.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

"HƏR BİR ŞƏHİDİN HƏYATI TƏKRAROLUNMAZDIR"

Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, "Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək". Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir".

Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı tədbirləri davam edir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə məlum Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Sərəncamda qeyd edilən 2021-2025-ci illər dövrü 2021-2030-cu illər olaraq müəyyən edilib.

MƏQSƏDYÖNLÜ, DÜŞÜNÜLMÜŞ VƏ ARDICIL SİYASƏT

Hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulub. Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra qeyd etdiyimiz kimi, 5 dəfə genişlənib. onlara 6,8 min mənzil və fərdi ev verilib. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir.

Bütün bunlarla yanaşı, bildiyimiz kimi, cari ilin iyulun 1-dən Azərbaycan Prezidenti İlham Əliyevin məlum Fərmanı ilə müavinət və təqaüdlər artırıldı. Belə ki, şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarından asılı olaraq - 81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manat; 61-80 faiz pozulmasına görə (II dərəcə) - 500 manat; 31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manat müəyyən edilib. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manata çatdırılıb.

Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da, şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər