Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan Mərkəzi Asiya dövlətləri ilə ölkəmiz arasındakı mövcud əlaqələrin inkişafı və dərinləşməsi bu siyasətin məntiqi nəticəsidir. Sevindirici haldır ki, Azərbaycanla Mərkəzi Asiya dövlətlərindən olan Türkmənistan Respublikası arasındakı münasibətlər son illərdə daha da inkişaf etməkdədir. Bir sıra ortaq dəyərləri bölüşən Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik əldə etdikdən sonra müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır.İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhammedovun cari ilin iyul ayında Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə getməsi, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olması Azərbaycan-Türkmənistan münasibətlərində yeni dövrün başlanması üçün mühüm stimul oldu. Səfər zamanı Qurbanqulu Berdimuhammedovun Füzuli şəhərində Türkmənistanın hədiyyəsi olaraq məscidin tikintisi ilə bağlı təklif irəli sürməsi isə türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığın təcəssümüdür.Cari ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və üçtərəfli Zirvə görüşündə iştirakı isə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında keçirilmiş görüşlər, imzalanmış sənədlər və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar ölkələrimiz arasında münasibətlərdə mühüm mərhələnin başlandığının bariz sübutu idi. Cənab Prezident çıxışında son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Türkmənistan münasibətlərinə toxunaraq qeyd etmişdir ki, “Azərbaycan və Türkmənistan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəkdir.” Xüsusi olaraq qeyd etməliyik ki, səfər çərçivəsində keçirilmiş üçtərəfli görüş və imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb etməklə yanaşı bölgəmizdə sülhə və qarşılıqlı əməkdaşlığa yönəlmiş əhəmiyyətli addımdır. Zirvə nəticəsində qəbul olunan ortaq bəyanat ilə üç ölkənin birgə təşəbbüsləri və qarşılıqlı hörmət əsasında qurulan əlaqələri rəsmi şəkildə təsdiq olundu.Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan arasında diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasında qədim tarixə malik olan əlaqələr qarşılıqlı iradə nəticəsində daha da dərinləşəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri