Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə dünya miqyasında tanınıb və ona maraq artıb. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. İllər uzunu yaradılan sənət nümunələri bu gün dünyanın müxtəlif ölkələrində nümyiş etdirilir. Dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Belə ki, Londonun, Parisin, Vaşinqtonun, Vyananın, Romanın, Berlinin, İstanbulun və başqa ölkələrin zəngin muzeylərində mədəniyyət nümunələri qorunub saxlanılır. Klassiklərimizin və müasirlərimizin yaratdıqları nümunələr dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. Bu gün Azərbaycan mədəniyyəti qədim kökləri üzərində inkişaf edir və dünyaya inteqrasiya olunur. Xalqımızın tarixi qədər qədim və zəngin olan Azərbaycan mədəniyyəti xalqın yüksək mədəni irsə malik olmasını sübut edir. Bütün bu nümunələrin tanınmasında və təbliğində Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin rolu və imzası var. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam" - deyən Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyinin təminatçısı oldu. Azərbaycanın nadir abidələrinin bu gün bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması milli-mənəvi dəyərlərimizə verilən qiymətdir. Həqiqətən də belə bir sənətin yaradıcısı olan Azərbaycan mədəniyyəti dünyaya vəsiqə alıb.
ƏNƏNƏLƏR ÜZƏRİNDƏ İNKİŞAF MƏRHƏLƏSİ
Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz saldı. Görülən işlərin məntiqi oaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçib. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizin aparıcı simalarına göstərilən qayğı da diqqəti çəkən məqamlardandır. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə xüsusi önəm yetirirdi. Heydər Əliyevin mədəniyyətimizə qarşı həssas münasibətinin nəticəsidir ki, O, müasirliyin klassika üzərində inkişafına önəm verirdi. Bu gün Azərbaycanın müxtəlif məkanlarında tanınmış sənət xadimlərinin şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların ev-muzeylərinin fəaliyyət göstərməsi də məhz Onun mədəniyyət siyasətinin məntiqidir.
Bu gün Azərbaycan mədəniyyəti ənənələri üzərində inkişaf mərhələsini keçərək yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı Fərman və Sərəncamlar milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olunur. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyillər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu sahənin inkişafında xidmətləri olan sənət xadimlərinə ayrılan diqqətdə qeyd olunmalıdır. Muzeylərimiz, kitabxanalarımız yenidən qurulub. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi və s. həyata keçirilibdir.
PAYTAXT VƏ REGİONLARDA MÜASİR SƏNƏT OCAQLARI
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılıb. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunub, müasir üslubda yenidənqurma işləri aparılıb. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açıb. Kino yaradıcılığı sahəsində yeni proqram reallaşdırılıb. Filmlərimizin qorunub saxlanıldığı Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ən iri kinoteatrından olan Bakıdakı Nizami adına kinoteatr Avropa standartları səviyyəsindədir.
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTİMİZƏ DƏSTƏK
Görülən işlərin davamı olaraq Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Bildirildi ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada "suite" və "standart" tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.
Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub, istifadəyə verilib. Azərbaycanda yeni üslubda olan orijinal Xalça Muzeyi üçün bina inşa edilib. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.
Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Beynəlxalq festivallarda, konfrans və seminarlarda Azərbaycan incəsənəti nümunələri nümayiş olunur, eləcə də, belə tədbirlərdə incəsənət xadimləri iştirak edir, ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. Amerikada, Kanadada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə, İordaniyada və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri davamlı xarakter almışdır.
Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də, ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanırlar.
Görülən işlərin məntiqi oaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrünü yaşayır. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizə göstərilən qayğı da diqqəti çəkən məqamlardandır.
Zümrüd BAYRAMOVA