Prezident İlham Əliyev: "Azərbaycan qazı hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunur"
Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.
Dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi müasir dövrümüzün reallıqlarında vacib məsələ olduğundan Azərbaycan Prezidenti bu sahəyə də daim diqqət ayırır. Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması ölkəmizə böyük həcmdə iqtisadi dividentlər qazandırır.
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, ardıcıl islahatlar, sosialyönümlü yanaşma, neft gəlirlərinin insan kapitalına və sosial problemlərin həllinə yönəldilməsi isə xalqın rifahının yaxşılaşmasını təmin edib. İqtisadiyyatın uğurlu diversifikasiyası, çoxspektrli imkanlarının və resurslarının müəyyən edilib dünya bazarlarına çıxarılmasına yönəlmiş siyasət ənənəvi neft ölkəsi kimi tanınan Azərbaycanın yeni resurslarla yeni bazarlara çıxışını təmin edir. Aərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilib. 2030-cu ilədək olan dövrdə Azərbaycan "yaşıl artım" ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirib.
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycanla qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 22 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb oldu. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində məlum "Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum"un imzalanması olduqca vacib və əhəmiyyətli sənəd kimi qiymətləndirilir. Belə ki, Azərbaycanın həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öz üzərinə götürdüyü öhdəliklərini icra etməsi, partnyorları arasında etibarlı tərəfdaş imicini qoruması yeni və daha sıx əməkdaşlıqlar üçün kifayət qədər münbit zəminlər yaratmaqda davam edir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlıq uğurla davm edir. Azərbaycanın böyük layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirmək, yeniləmək gücündədir.
"AZƏRBAYCAN REGİONDA SÜLH GÜNDƏLİYİNİN İRƏLİ APARILMASI ÜÇÜN SƏYLƏRİNİ BUNDAN SONRA DA DAVAM ETDİRƏCƏK"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbulu zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunaraq, Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğunu bildirib və ixrac coğrafiyasının genişləndiyini qeyd edib. Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu diqqətə çəkilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Onu da bildirək ki, qəbul zamanı Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq bildirib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.
Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.
AZƏRBAYCANIN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNİNDƏ ARTAN ROLU
Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib.
Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib. Qazın Azərbaycandan Avropaya 2020-ci ildə Cənubi Qaz Dəhlizi vasitəsilə nəql olunmasına başlanıb və Azərbaycan artıq etibarlı enerji tərəfdaşıdır.
Dövlət başçısının fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir.
YENİ ƏMƏKDAŞLIQ PLATFORMALARI
Azərbaycan milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Odur ki, ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, sülhün bərqərar olunmasında xüsusi əhəmiyyətə malikdir. Gündən - günə investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq miqyasda mövcud qarşılıqlı əməkdaşlığın səmərəli nəticələridir.
Regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti həmişə öz sözünü deyib. Belə ki, Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə də öz önəmli töhfələrini verir.
Zümrüd BAYRAMOVA