PDF Oxu

Siyasət

  • 412

27 Sentyabr – Xalqımızın yaddaşına həkk olunan tarixi gün

image

Tarixi Zəfərə yol açan 44 günlük Vətən müharibəsinin başlanmasından artıq 5 il ötür. 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında olduğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.

Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrə­mancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalan­dırmış, ölkəmizin ərazi bütövlüyü yolunda can­larını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azər­baycan Respublikasının Prezidenti İlham Əliye­vin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin də bil­dirdiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə nələrin baş verdiyini tarixçilər deyəcəklər. Ümumən, istənilən hadisəyə ən layiqli qiy­mətin verilməsi, onun vətəndaşlıq hüququ qazanması üçün əlahəzrət zamana ehti­yac var. Hesab edirik ki, 27 sentyabr tarixi ilə bağlı da ən obyektiv və dolğun qiymət zamanla veriləcək, bu tarixin möhtəşəmliyi özünü daha zəngin təqdimatlarda tapacaq.

Qətiyyətlə söyləmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz üzərindəki ləkəni təmizləmək üçün müqəd­dəs yolçuluğa çıxdığı tarixdir. Bu tarixin yaşanmasında canından keçmiş Vətən övladlarının anılmasında böyük məntiq və misilsiz qədirbilənlik var. 27 sentyabr tarixi nəinki Azərbayca­na, o cümlədən, Cənubi Qafqaz regionu­na sülhü yaradan tarixdir. Məlum olduğu kimi, sülh qanla əldə edilir. Həm də elə buna görə qanından-canından keçmiş Vətən övladlarını məhz bu gün anı­rıq. Onlar yaşadığımız regionun sülh təmi­natçılarıdır, sülh və ədalət yolunda gənc həyatlarını qurban vermiş əsl fədakarlar, qəhrəmanlardır.

Sentyabrın 27-si müdrikliyin, səriştə­nin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır. Hesab edirik ki, Azərbaycan xalqı bu tarixədək bir İlham Əliyev tanıyırdısa, bu tarixdən sonra tama­milə fərqli bir liderlə tanış oldu. Onu güclü sərkərdə kimi tanıdı. Hər bir azərbaycanlı onu özünə ata, qardaş, dayı, əmi gördü, öz doğması hesab etdi. Bu, cənab İlham Əli­yevin prezidentlik keyfiyyətlərinə yeni ob­raz qazandırdı. Prezident bu obrazın ver­diyi qətiyyətlə müzəffərlik zirvəsinə ucaldı. 27 sentyabrdan noyabrın 10-dək xalqımız bu müzəffər liderin tvitlərini gözlədi, mü­raciətlərini izlədi, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrin, az qala, hər sözünü bir-bir oxudu. Oxudu, gözlədi, izlədi və daxilində müqəddəs Zəfərimizə inam bəslədi.

Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir.10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri pozaraq ölkəmizə qarşı təxribatlar törədən Ermənistana rəşadətli ordumuzun verdiyi “Qisas”, “Qətiyyətli addım” kimi dərslər də Silahlı Qüvvələrimizin artan imkanlarının, gücünün təqdmatı oldu. Silahlı Qüvvələrimiz 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizi tam bərpa etməklə müstəqillik tariximizin növbəti Zəfər səhifəsini yazdı. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı.

Tarixi Zəfərimizi, suverenliyimizin tam bərpasını bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabrın ölkəmizdə Anım Günü, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması özündə bütün məqamları ehtiva edir. Tarix yazan qəhrəmanlarımızı unutmamalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi öyrənib gələcək nəsillərə çatdırmalıyıq.

Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün də hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər