PDF Oxu

Siyasət

  • 1 298

Qələbə hərbi-siyasi yollarla təmin edildi

image

44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən 5 il ötür. 44 gündə Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, bütün məsələlər məhz bu prinsiplər əsasında həll olunur. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın işğal dövründə himayədarlarının dəstəyi əsasında bu məfhumların mövcudluğundan xəbərsiz idilər. Qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edən Ermənistan vəziyyətin sona qədər bu şəkildə davam edəcəyini düşündüyü halda ədalət, haqq öz sözünü dedi. Başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövlət bu yanaşmasına beynəlxalq dəstəyin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.

Qeyd edək ki, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Şanlı Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amildir.
Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabrında rəşadətli Ordumuz bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyini tam təmin etdi. Bu, Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün əsas hədəfləri sırasında Ordumuzun gücləndirilməsini xüsusi qeyd edir.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşa istiqamətində uğurlu əməliyyatlar keçirərək düşmənə daha ağır zərbələr vuran Ordumuzun işğaldan azad etdiyi ərazilər yeni dövrünü yaşayır.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər