PDF Oxu

Siyasət

  • 476

Diplomatiyanın yeni səhifəsi: Bakı və London arasında strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Diplomatiyanın yeni səhifəsi: Bakı və London arasında strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

Beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız coğrafi mövqeyi və iqtisadi imkanları ilə deyil, həm də qurduğu tərəfdaşlıqların miqyası, etibarlılığı və gələcəyə hesablanmış siyasi baxışı ilə müəyyən olunur. Azərbaycanın xarici siyasətində son illər müşahidə edilən diplomatik fəallıq ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və yeni əməkdaşlıq platformalarında iştirakını gündəmə gətirir. Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir.

Bu razılaşma Azərbaycan ilə Böyük Britaniya arasında otuz ildən artıq müddətdə formalaşmış əməkdaşlığın daha geniş siyasi, iqtisadi və strateji çərçivədə inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Sənəd Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanaraq ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirən yeni əməkdaşlıq çərçivəsi yaradır.

Bəyannamənin imzalanması Azərbaycanın milli maraqlara əsaslanan, müstəqil və çoxşaxəli xarici siyasət kursunun mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diplomatik siyasət ölkəmizin yalnız Cənubi Qafqazda deyil, Avropanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və beynəlxalq əməkdaşlıq sistemində də rolunu genişləndirib. Bakı ilə London arasındakı münasibətlərin dostluq və əməkdaşlıq müstəvisindən rəsmi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu əlaqələrin institusional baxımdan daha da möhkəmləndirilməsinə xidmət edir.

Yeni Bəyannamə iki ölkə arasında gələcək əməkdaşlığın bir neçə mühüm istiqamətini əhatə edir.

Birinci istiqamət təhlükəsizlik və regional sülhlə bağlıdır. Sənəddə müdafiə sənayesi, birgə hərbi təlimlər və sərhəd idarəçiliyi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Böyük Britaniya Azərbaycanın və Ermənistanın münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində aparılan səylərə dəstəyini ifadə edir.

İkinci mühüm istiqamət iqtisadiyyat və yaşıl enerji sahəsidir. Uzun illər ərzində enerji sektorunda formalaşmış Azərbaycan-Böyük Britaniya əməkdaşlığı yeni texnoloji və iqtisadi imkanlarla zənginləşir. Azərbaycanın enerji potensialının şaxələndirilməsi strategiyası çərçivəsində bərpa olunan enerji, aşağı karbonlu texnologiyalar və yaşıl maliyyələşmə sahələrində birgə təşəbbüslərin inkişafı üçün yeni imkanlar yaranır. Bununla yanaşı, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin imkanlarından səmərəli istifadə, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və kiçik-orta biznesin dəstəklənməsi də əməkdaşlığın prioritetləri sırasındadır.

Üçüncü istiqamət təhsil, elm və innovasiyaları əhatə edir. Ali və peşə təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsi, universitetlərarası tərəfdaşlıqların qurulması, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi gələcək əməkdaşlığın intellektual və texnoloji əsaslarını gücləndirməyə xidmət edəcək.

Sənədin əhəmiyyətli cəhətlərindən biri də onun icrasının davamlı mexanizmlərlə təmin edilməsidir. Bakı və London arasında hər il keçiriləcək Strateji Tərəfdaşlıq görüşləri əldə olunan nəticələrin qiymətləndirilməsi, yeni təşəbbüslərin müəyyənləşdirilməsi və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

Azərbaycan-Böyük Britaniya münasibətlərində baş verən bu yeni mərhələ ölkəmizin beynəlxalq tərəfdaşlıq coğrafiyasının genişləndiyini göstərən mühüm diplomatik hadisədir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin daha sistemli şəkildə inkişafına, iqtisadi imkanların genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə yeni perspektivlər açır.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər