PDF Oxu

Sosial

  • 302

Bədən tərbiyəsi və uşaq inkişafı: idman və incəsənətin akademik motivasiyaya təsiri

Bədən tərbiyəsi və uşaq inkişafı: idman və incəsənətin akademik motivasiyaya təsiri

"Aparılmış tədqiqatlar idman və incəsənətlə məşğul olan uşaqların bu fəaliyyətlərlə məşğul olmayan həmyaşıdlarına nisbətən çox vaxt daha yüksək nəticələr göstərdiyini ortaya qoyur. Bunun əsas mexanizmlərindən biri nailiyyət hissidir. İdman yarışında uğur qazanan uşaq göstərdiyi səyin nəticə verdiyini birbaşa təcrübə ilə öyrənir. Psixologiyada bu, özünütəsirlilik (öz-effektivlik) inamı adlanır: uşaq “mən bacarıram” qənaətinə gəlir və onun iş motivasiyası artır. Artan motivasiya yalnız meydança və ya məşq zalı ilə məhdudlaşmır, uşağın həyatının bütün sahələrində, o cümlədən dərs fəaliyyətində özünü göstərir. Balet, rəssamlıq, musiqi və digər sənət növləri ilə məşğul olan uşaqlarda da eyni motivasiya artımından danışmaq olar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyevin fikrincə, uzun müddət nizam-intizamla çalışmağı öyrənən uşaq bacarıqlarını nümayiş etdirdikcə həm özünə inamını möhkəmləndirir, həm də şəxsi inkişafına töhfə verir. Müntəzəm məşq prosesində uşaq qısamüddətli həzzdən imtina edib uzunmüddətli məqsədə yönəlməyi, planlaşdırmağı, diqqətini idarə etməyi və impulslarına nəzarət etməyi öyrənir. Psixologiyada bu bacarıqlar icra funksiyaları adlanır və məktəb uğurunun mühüm göstəricilərindən sayılır. Səhv etmək, məğlub olmaq və yenidən cəhd etmək təcrübəsi isə uğursuzluğa qarşı dayanıqlığı formalaşdırır.
Həmsöhbətimiz onu da vurğulayıb ki, komanda idmanları bundan əlavə uşağa qrup daxilində məsuliyyət daşımağı, qaydalara uyğun davranmağı və başqalarının fikrini nəzərə almağı öyrədir. Sənət məşğələləri isə yaradıcı təfəkkürü, incə motorikanı və emosional ifadə bacarığını inkişaf etdirir. Beləliklə, idman və incəsənət bir-birini əvəz etmir, uşağın şəxsiyyətini müxtəlif istiqamətlərdən tamamlayır.
"Bir çox valideyn övladının idmanla və ya sənətlə məşğul olmasını dərslərinə mənfi təsir edəcəyindən qorxaraq istəmir. Elmi baxımdan bu narahatlıq əsassızdır. Fiziki fəaliyyətin uşaqların təhsil göstəricilərinə mənfi təsir etmədiyini, əksinə, çox hallarda diqqəti, yaddaşı və dərsə marağı yaxşılaşdırdığını göstərən çoxsaylı tədqiqatlar mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələr üçün gündə orta və ya yüksək intensivlikli ən azı 60 dəqiqə fiziki fəaliyyət tövsiyə edir. Əsas məsələ yükün uşağın yaşına, maraqlarına və dərs rejiminə uyğun şəkildə balanslaşdırılmasıdır", - deyə G.Quliyev bildirib.

Afət Tahirqızı

Digər xəbərlər