Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlətimizin apardığı uğurlu, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət kursu Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda nüfuzunun artmasını şərtləndirir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri də ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu bir daha təsdiqlədi. Səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında çoxsaylı görüşlərin keçirilməsi, cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı sessiyasında çıxışı özündə əsas məqamları ehtiva edir. Bu, tarixi Zəfərimizdən sonra ölkə Prezidentinin BMT tribunasından ilk çıxışı idi. Məhz bu reallığa söykənərək dövlətimizin başçısı bildirdi ki, uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal dövrünün reallıqlarından, tarixi Zəfərimizə gedən yoldan bəhs etməsin. Hər bir çıxış Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbədir. Tariximizin bu səhifəsi daim vərəqlənir, Azərbaycanın ədalətin bərpası üçün göstərdiyi səylər, informasiya cəbhəsində üstünlükləri əsaslı şəkildə diqqətə çatdırılır. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. 30 illik işğal dövründə də daim bu inamla yaşadıq ki, ədalət zəfər çalacaq və buna nail olduq.
Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik.
Prezident İlham Əliyevin BMT-dəki çıxışı müasir dünya üçün çox mühüm mesajlarla diqqətdə oldu. Təsadüfi deyildi ki, cənab İlham Əliyevin çıxışı tarixi faktlara, Qarabağın işğalının tarixinə və ərazilərimizin necə azad edilməsinə istinadla başladı. Azərbaycanın uzun müddət problemin sülh diplomatiyası yolu ilə həlli istiqamətində göstərdiyi səylərin nəticəsiz qalmasında dünyanın ikili standartlara əsaslanan siyasətinin rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev hər zaman ən yüksək tribunalardan, o cümlədən BMT tribunasından bunun ədalətsizlik olduğunu bildirdi. Artıq yeni dünya nizamı formalaşır. Dövlətimizin başçısı “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır” söyləyərək bu çağırışı etdi ki, gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri