2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlar törətmək və münaqişənin yeni mərhələsini açmaq cəhdlərinə cavab olan 44 günlük müharibə başladı. Azərbaycan silahlı qüvvələri təkcə hərbi məharətlə yanaşı, həm də yüksək ruh yüksəkliyi nümayiş etdirərək Ermənistan ordusunu darmadağın edərək, əvvəllər işğal olunmuş ərazilərə nəzarəti bərpa etdi. Bu Qələbə təkcə hərbi uğur deyildi – o, ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və ən uzun regional müharibələrdən birinin çoxdan gözlənilən sona çatması idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Prezident cənab İlham Əliyev tribunadan bir daha bəzi dünya güclərinə öz mesajını göndərdi. Eyni zamanda, ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsini xüsusi diqqətə çatdırdı. Dövlətimizin Başçısı bildirdi ki, "44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı."
Xüsusilə qeyd etmək lazımdır ki, sessiya çərçivəsində Prezident cənab İlham Əliyevin keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanındığını açıq şəkildə nümayiş etdirdi.
Elmin MƏMMƏDOV
YAP Ağdam rayon təşkilatının əməkdaşı