PDF Oxu

Siyasət

  • 1 058

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

image

“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.” Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında onu da əlavə etdi ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Cənab İlham Əliyev çıxışında 30 illik işğal dövründən, Azərbaycanı sülhə və qələbəyə aparan yoldan, şanlı Qələbəmizi şərtləndirən amillərdən, onun yaratdığı yeni reallıqdan geniş bəhs etdi. Həmçinin, ölkəmizin tranzit imkanlarının genişliyi, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlı töhfələr fonunda yaratdığı yeni körpülər diqqətə çatırıldı.
Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycan qlobal problemlərin həllində daim fəal iştirak edir, birgə səylərin göstərilməsini vacib amil kimi önə çəkir. Təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrdə bunun bir daha şahidi olmuşduq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur. Biz təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardım göstəririk. Azərbaycan COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib.
İqlim dəyişmələrinin yaratdığı problemlərin həlli də Azərbaycanın diqqət göstərdiyi əsas məsələlərdəndir. Ölkəmizin ötən il ev sahibliyi etdiyi COP29 iqlim tədbiri cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı sessiyasında diqqət yönəltdiyi məsələlərdən oldu. Vurğuladı ki, ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.
“Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır.
BMT Baş Assambleyasının 80-cı sessiyası sentyabrın 30-da işini başa çatdıracaq. Bu sessiyada dövlətimizin başçısı İlham Əliyevin regionun və dünyanın gələcəyi ilə bağlı səsləndirdiyi çağırışlar hələ uğun müddət geniş şərh ediləcək.

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər