Prezident İlham Əliyev:"Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır"
Qloballaşma dövründə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələri gələcəyə ümidlə baxmağa əsasdır. Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəyliyin nümayişi TDT-nin güc birliyinin təzahürüdür. Müasir dövrümüzdə TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi dünya üçün bir nümunədir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar.
"ORTAQ TARİXİ VƏ ETNİK KÖKLƏRİMİZ, MÜŞTƏRƏK MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ BİZİ BİR AİLƏ KİMİ BİRLƏŞDİRİR"
Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının Qəbələdə bir araya gəlməsi mövcud münasibətlərin göstəricisidir. "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq.
Bu birliyin tarixi kökləri "Böyük İpək yolu" ilə də əlaqədardır. Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Respublikası kimi müstəqil dövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.
"TÜRK DÖVLƏTLƏRİNİN VAHİD GÜC MƏRKƏZİ KİMİ ÇIXIŞ ETMƏSİ OLDUQCA VACİBDİR"
Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas yer tutur. Naxçıvandan başlanan yol uğurla davam edir. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bu təşkilatı qlobal arenada vacib aktora çevirən amilləri sadalayıb. Dövlətimizin başçısı deyib ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir", - deyən Azərbaycan Prezidenti diqqətə çəkib ki, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib: "Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik".
"AĞ EVDƏ AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SÜLH SAZİŞİNİN PARAFLANMASI CƏNUBİ QAFQAZI SÜLH MƏKANINA ÇEVİRƏCƏK"
Məlumdur ki, Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Azərbaycan sülh prosesinin təşəbbüskarıdır. Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı Minsk Qrupunun həmsədrlərinə müraciət edib. Ermənistanla sülh müqaviləsi imzalamağa Azərbaycanın hazır olmasına dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində lazımi nəticə əldə olunmayıb. İki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub: Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Zəngəzur dəhlizinin açılması da Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır. "İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək", - deyən Prezident qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.
Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır.
"Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır", - deyən Prezident diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
"NƏQLİYYAT VƏ KOMMUNİKASİYA ƏLAQƏLƏRİ TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI ÇƏRÇİVƏSİNDƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİKDİR"
"Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir", - deyən Azərbaycan Prezidenti Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxardığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.
Türk dövlətlərinin yerləşdiyi geniş Avrasiya məkanı – Qafqazdan Mərkəzi Asiyaya, Anadoludan Xəzərin şərq sahillərinə qədər uzanan strateji coğrafiya – nəqliyyat, enerji və mədəni-humanitar əlaqələr üçün misilsiz imkanlar yaradır. Bu coğrafiya dünyanın ən mühüm ticarət marşrutlarının kəsişməsində yerləşir və faktiki olaraq Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şərq–Qərb dəhlizi kimi layihələr region dövlətləri arasında diplomatik və siyasi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu layihələr həm də yeni reallıqlar fonunda risklərin kollektiv qiymətləndirilməsini, təhlükəsizlik infrastrukturunun müasirləşdirilməsini tələb edir. Çünki nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Bu baxımdan türk dövlətlərinin birgə hərəkəti vacibdir.
"Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək", - deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
Toplantıda Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması mərasimi olub. Qəbələdə keçirilən Zirvə Görüşü türk dövlətlərinin dəyərlərinin, güclü birliyinin təntənəsidir. Bu gün ortaq tarix və mənəvi bağlar üzərində qurulan Türk dövlətlərinin əməkdaşlığı strateji tərəfdaşlığa və ortaq uğurlu gələcəyə çevrilib. Bu birlik, qarşılıqlı etimad gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq.
Zümrüd BAYRAMOVA