27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başladılmış əks-həmlə əməliyyatları Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatdı.
30 ilə yaxın həllini gözləyən Vətənimizin ərazi bütövlüyünün bərpası 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən təmin edildi. 44 gün ərzində davam edən müharibə sözün bütün mənalarında dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasəti özündə təcəssüm etdirdi. Bu zaman biz xalqımızın öz rəhbəri ətrafında sıx birləşdiyinin, ordusuna dəstək verdiyinin, həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. Bizimlə birlikdə bütün dünya Azərbaycan Ordusunun peşəkar hərbi hazırlığına, maddi texniki bazasının yüksək səviyyədəki təminatına və müharibə dövründə proseslərin operativ idarə edilməsinə şahidlik etdi. Cəbhədə Azərbaycan Ordusu qalib gəldikcə Azərbaycan diplomatiyası da öz işini uğurla icra etdi. Biz öz gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı bütün dünyaya bir daha Azərbaycanın ədalətli mövqedə olmasını hiss etdirmiş olduq.
Azərbaycan müharibəni qanunlar və beynəlxalq hüquq çərçivəsində aparmağı bacardı, münaqişə zamanı mülki şəxslərə, mülki infrastruktura toxunmadı. 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir.
Uzun illərdən sonra öz azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, hazırda Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır. Əlbəttə ki, Füzuli Beynəlxalq Hava Limanı da ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Qürurlu hadisədir ki, bu gün artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Digər doğma torpaqlarımız kimi Füzuli rayonunun da azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin minlərlə hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri