Müzəffər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad edilib. Şəhərin erməni işğalçılarından təmizlənməsinin beşinci ili tamam olur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi şanlı Ordumuzun qazandığı ən böyük uğurlarından biri idi. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin-Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu bəyan edib. Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Hazırda işğaldan azad edilən digər ərazilərimiz kimi Zəngilan şəhəri və kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Tezliklə Zəngilan respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Zəngilan həm də Böyük Qayıdışın da başlanğıcı olan ünvandır. Torpaqlarımız azad edildikdən sonra ilk yeni yaşayış kompleksi bu rayonun ərazisində qoyulub. Dövlət başçısı 2021-ci il aprelin 26-da Ağalı kəndinə gələrək 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymaqla Zəngilanda və azad ərazilərdə məskunlaşma missiyasına başlayıb. Həmin gün, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlləri qoyulub.
Zəngilan rayonu coğrafi-inzibati ərazi kimi Azərbaycanın nəqliyyat-tranzit strategiyasında da xüsusi yer tutur. 2021-ci il oktyabrın 26-da təməli qoyulan-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə Zəngəzur dəhlizinin ən mühüm qovşağı olmaqla regionun həyatında yeni bir siyasi-iqtisadi hadisənin başlanması kimi yadda qaldı.
2022-ci il mayın 27-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, keçmiş məcburi köçkünlər üçün ilk yaşayış kompleksi- Ağalıdakı “ağıllı kəndi” inşa edilərək istifadəyə verilib. Həmin il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb və bununla da 30 ildən sonra ilk məskunlaşma start götürüb.
Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı, həyata keçirilən infrastruktur layihələri hər birimizdə böyük qürur hissi yaradır.
Səyyad MİRZƏYEV
YAP Ağdam rayon təşkilatının əməkdaşı