PDF Oxu

Siyasət

  • 1 210

Kimin sülhü, kimin müharibəsi? - ANALİTİK

image

ABŞ–Çin dialoqunda Ukrayna və Cənubi Qafqazın gələcəyi

ABŞ-Çin münasibətlərindəki gərginliyin fonunda, Ukrayna-Rusiya müharibəsinin taleyini ABŞ-Çin danışıqları birbaşa və tam şəkildə “həll edəcəyi” qənaətinə gəlmək real deyil. Amma müzakirələrin konteksi və təsiri kifayət qədər əhəmiyyətlidir. Ukrayna prezidenti Volodimir Zelenskiy bildirib ki, ədalətli sülhə çatmaq üçün ABŞ və Çin birgə vasitəçi ola bilər. Çin rəsmi bəyanatlarla göstərir ki, münaqişənin dialoq yolu ilə həllini dəstəkləyir və bütün maraqlı tərəflərin sülh prosesində iştirakını vacib sayır.ABŞ və Rusiya bu ilin əvvəlində Ərəbistan Səudiyyəsində yüksək səviyyəli danışıqlara başlayıblar, bu da müharibənin diplomatik kanallarının tamamilə bağlanmadığını göstərir. ABŞ-Çin arasındakı danışıqların Ukrayna məsələsini də daxil edə bilməsi geosiyasi zəmanətlər baxımından maraqlıdır. Yəni ABŞ-Çin razılaşması Rusiyanı təcrid etməyə, Çini isə dolayısıyla prosesə cəlb etməyə imkan verə bilər.
Həddən artıq optimist
Çin hələlik əsas münaqişə tərəfini, Rusiya ilə Ukraynanı danışıqlara tam şəkildə cəlb edib həlledici rol oynamaq istəyi və ya qabiliyyəti baxımından şübhə altındadır. Analitiklər qeyd edirlər ki, Pekinin vasitəçilik rolu real olaraq məhduddur. Ukrayna isə əvvəldən “Ukraynanın iştirakı olmadan danışıqlar nəticə verməz” fikrini vurğulayıb. Rusiya isə əsas məsələlərdə, məsələn, Ukraynanın NATO-ya üzvlüyü, Rusiyanın “strateji təhlükəsizlik zəmanətləri”, işğal edilmiş ərazilərin taleyi məsələlərində kompromisə hazır olduğunu açıq-aydın göstərməyib.Danışıqlarla yanaşı, döyüş meydanındakı real güc balansı hələ də vacib rol oynayır və bu da diplomatik prosesin “gözlədiyimiz” sürətlə getməsinə mane ola bilər. ABŞ-Çin arasında böyük geosiyasi rəqabət var. Bu da onların Ukrayna məsələsində birgə ciddi fəaliyyət göstərməsini çətinləşdirir. Belə ki, ABŞ-Çin danışıqları “potensial olaraq” Ukraynanın taleyində böyük rol oynaya bilər, lakin “həll edəcək” səviyyədə deyil. Başqa sözlə, bu danışıqlar şərtdir, lakin kifayət deyil.
Rusiyanın taleyi və müharibənin gələcəyi
Rusiya uzunmüddətli müharibə üçün hazırlıq aparıb, həm də sənaye-hərbi imkanlarını aktivləşdirib. Lakin bu, həm də ciddi maliyyə, texnologiya və beynəlxalq təcrid yükü ilə gəlir. Rusiya üçün “döyüş mərhələsindən diplomatik mərhələyə keçid” getdikcə vacib olur. Əgər ABŞ-Çin razılaşması nəticəsində Rusiyanın sanksiyaları azaldılarsa və ya Rusiya “müəyyən” statusu ilə danışıqlara cəlb olunarsa, Moskva üçün nəqliyyatın, borcların və ticarətin yenidən başlanması şansı yaranar. Ancaq bu, Ukraynanın güzəştləri hesabına ola bilər.Alternativ olaraq, Rusiya uğursuzluq riski ilə, yəni döyüş meydanında proqressin olmaması, beynəlxalq təcridin dərinləşməsi, daxildə legitimlik problemləri ilə üz-üzə qala bilər. Hazırda tam sülh razılaşması yaxın görünmür, danışıqlar və döyüşün paralel aparıldığı sıxışmış mübarizə mərhələsi daha aktualdır. Analitiklərin fikrincə, “danışıqlar davam edəcək, eyni zamanda döyüş də davam edəcəklər”. Bir çox ekspert ABŞ-Rusiya danışıqlarında Rusiyanın 2014-dən sonra işğal etdiyi Krım və Donbas kimi bölgələr üçün faktiki statusun tanınması ehtimalının gündəmə gəlməsini qeyd edirlər. Ukrayna üçün böyük problem isə Rusiyanın “strateji təhlükəsizlik zəmanətləri”, NATO üzvlüyü və gələcək təhlükəsizlik sistemi necə qurulacaq sualları hələlik açıq qalıb.Mümkündür ki, ABŞ-Çin razılaşması diplomatik “nöqtə” yaratsın. Lakin bu, Ukrayna üçün “tam bərpa və qalibiyyət” yox, daha çox “uzunmüddətli mübarizə və güclü “status kvo” demək ola bilər. ABŞ-Çin arasında “öncə Ukrayna məsələsi” ətrafında razılıq olmasa, Çin yalnız “giriş” edə bilər, lakin razılaşdırıcı əsas qəbul etməyə bilər. Avropa tərəfi, xüsusilə NATO və Avropa İttifaqı bu danışıqlarda kənarda qalmaqdan narahatdır. ABŞ-Rusiya danışıqlarında Avropa məhz iştirak etmir. Bu isə Ukrayna və Avropa üçün diplomatik riskdir.Ukrayna üçün ən böyük risk “Ukraynanın iştirakı olmadan” razılaşmanın imzalanmasıdır. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi kompromis demək ola bilər. Rusiya üçün isə “müharibəni uzunmüddətli sürdürmək” strategiyası risklidir: iç-siyasi maliyyə yükü, müttəfiqlərin dəstəyi zəifləyə bilər. Rusiya-Ukrayna məsələsində çox aktiv görünmək istəyir, amma ABŞ-Çin münasibətlərində ortaya çıxan narahatlıqlar və Qərbin reaksiyası Pekini ehtiyatlı olmağa vadar edir.Ümumi olaraq, qeyd etmək olar ki, bu proses kritik mərhələdədir, amma həlledici mərhələdə deyil. ABŞ-Çin danışıqları bir sıra “şərtlər”i (rəqabət, müttəfiqlər arasında etimad, Ukraynanın rolu) formalaşdırır. Amma nəticənin necə olacağı, nə vaxt olacağı və kimlər üçün hansı qiymətlərlə olacağı hələ geniş suallar doğurur.
3 əsas ssenari
2025-2030 dövrü üçün Ukrayna-Rusiya müharibəsinin və qlobal münasibətlərin mümkün 3 əsas ssenarisini quraq. Bu ssenarilər həm ABŞ-Çin-Rusiya üçbucağı, həm də Avropa və regionun reaksiyalarını nəzərə alır. Birinci ssenari: “Şərti sülh və yeni soyuq müharibə”dir. 2026-cı ilin sonuna qədər ABŞ-Rusiya və Çin arasında danışıqlar nəticəsində “münaqişənin dondurulması” razılaşması əldə olunur.Ukrayna Krım və Donbasın bir hissəsini faktiki olaraq itirir, amma Qərb tərəfindən güclü təhlükəsizlik zəmanətləri alır. Müharibə dayansa da, sülh imzalanmır. Koreya yarımadasındakı kimi “atəşkəs” rejimi formalaşır. ABŞ və Çin razılaşır ki, Rusiya ilə tam qırılma istəmirlər, iqtisadi əlaqələrin bir hissəsi bərpa olunur. Ukrayna Qərb silahları ilə “güclü müdafiə dövlətinə” çevrilir (İsrail modeli). Avropa İttifaqı Ukraynanı qismən inteqrasiya edir (bazara çıxış, təhlükəsizlik ittifaqları, bərpa fondu). NATO-nun şərq cinahı möhkəmlənir, amma Ukrayna hələ rəsmi üzv olmur.
Nəticədə…
Ukrayna dövlət olaraq qalır, amma ərazi itkiləri qalır. Rusiya daxildə “qələbə kimi təqdim olunan” sülhlə nəfəs alır, lakin Qərb sanksiyalarının bir hissəsi qalır. ABŞ və Çin rəqabəti davam edir, amma “nəzarətli” formaya düşür. Dünya iki bloklu sistemə oturur — “Yeni Soyuq Müharibə”.
İkinci ssenari “Dərinləşən müharibə və regional dağılma”dır. Danışıqlar uğursuz olur, 2026-2027-ci illərdə müharibə yenidən genişlənir. Rusiya Ukraynaya qarşı tam səfərbərlik elan edir, Qərb isə Ukraynaya uzaqmənzilli raketlər və hava qüvvələri verir. Eyni zamanda, Yaxın Şərq və Tayvan böhranları da kəskinləşir. Dünya bir neçə paralel münaqişə ilə üzləşir. Çin ABŞ-ın müdaxilələrinə cavab olaraq Rusiyaya “sakit” hərbi-texnoloji dəstək verir. ABŞ və Avropa yeni sanksiya dalğası yaradır, amma dünya iqtisadiyyatı enerji və ərzaq şokları yaşayır. Rusiya nüvə ritorikasını artırır, lakin faktiki istifadə etmir. Ukrayna Qərb silahları ilə Donbas və Zaporojye istiqamətində əks-hücumlara başlayır.Nəticədə qlobal iqtisadiyyat 2027-də resessiyaya düşür. Avropada enerji bahalaşır, daxili populizm artır. Rusiya daxilində siyasi və sosial təzyiqlər güclənir; “mərkəzdənqaçma” meylləri mümkündür (məsələn, Tatarıstan, Saxa kimi regionlarda). Ukrayna çox itki versə də, müstəqilliyini qoruyur. Dünya təhlükəsizliyi 1980-ci illərin gərginlik səviyyəsinə qayıdır.
Üçüncü ssenari “Böyük razılaşma və yeni beynəlxalq sistem”dir. 2028-2030 arasında ABŞ və Çin “qlobal sabitlik paktı” imzalayır. Rusiya “strateji neytrallaşdırılmış” dövlətə çevrilir, Ukrayna isə Avropa təhlükəsizlik sisteminə tam inteqrasiya olunur. Müharibə bitir, lakin Rusiya Çinlə dərin iqtisadi asılılıq içində qalır. ABŞ və Çin anlayır ki, davamlı münaqişə onların iqtisadi sabitliyini sarsıdır. Yeni Helsinki bənzəri saziş imzalanır (ABŞ-AB-Rusiya-Çin-Ukrayna). Rusiya ordu xərclərini azaldır, Qərbə qarşı siyasətini yumşaldır. Ukrayna Avropa İttifaqına daxil olur, NATO ilə tam təhlükəsizlik inteqrasiyasına keçir. Çin Qərb bazarlarına yenidən geniş çıxış əldə edir, qarşılığında Rusiyaya təzyiqi artırır.Nəticədə qlobal sabitlik bərpa olunur, enerji bazarları normallaşır. Ukrayna iqtisadi bərpa dövrünə keçir və Avropanın enerji və kənd təsərrüfatı mərkəzinə çevrilir. Rusiya Çin və Hindistanla sıx bağlı “ikinci dərəcəli güc” kimi qalır. ABŞ və Çin rəqabəti “idarə olunan” formaya keçir, çoxqütblü, lakin sabit sistem yaranır.
Azərbaycan və Cənubi Qafqaz regionuna təsiri
Qərb və Rusiya arasında sərhədlər “bərkiyir” — yəni təsir zonaları aydınlaşır. Cənubi Qafqaz “neytral tampon zona” kimi qalır, nə Qərb, nə də Rusiya burada böyük eskalasiyaya getmir. Türkiyə və Azərbaycan regional enerji və nəqliyyat qovşağı kimi daha da önəm qazanır (xüsusilə Qərbin Rusiyadan enerji asılılığını azaltmaq istəyi fonunda). Bakı-Tbilisi-Ceyhan (BTC), Cənub Qaz Dəhlizi və Zəngəzur koridoru daha çox strateji dəyər qazanır. Avropa İttifaqı Azərbaycandan qaz və yaşıl enerji idxalını artırır; Azərbaycanın enerji gəlirləri sabit şəkildə yüksəlir. Çin “Orta Dəhliz”ə (Transxəzər marşrutu) daha çox sərmayə qoyur. Azərbaycanın nəqliyyat, logistika və diplomatik balans rolu güclənir.Təhlükəsizlik nəzəriyyəsindən yanaşsaq Qarabağda status-kvo qorunur, Rusiya ordusunun regiondan çıxması ilə Türkiyə-Azərbaycan tandeminin təsiri getdikcə artır. Gürcüstan Qərbə bir qədər daha çox yaxınlaşır, amma ehtiyatla. Ermənistanın Rusiya ilə əlaqələri zəifləyir, amma hələ tam Qərbə yönəlmir. Azərbaycan diplomatik baxımdan balanslı siyasətini davam etdirir, Qərb-Rusiya-Çin-Türkiyə xəttində çoxqütblü manevr edir. Nəticədə Azərbaycan “sabit inkişaf və geosiyasi qalib” mövqeyinə keçə bilər. Lakin Qərb-Rusiya balansının dəyişməsi Bakıdan daha açıq mövqe tələb edə bilər.Başqa bir məsələ, uzanan müharibə və qlobal xaos ssenarisidir. Belə ki, müharibə uzanır, Rusiya təzyiq altında qalır, amma regionda sabitliyi qorumağa çalışır. Rusiya Cənubi Qafqazda təsirini itirir güc boşluğu yaranır. İran, Türkiyə və Qərb bu boşluğu doldurmağa çalışır, nəticədə geosiyasi rəqabət və risklər artır. Qlobal enerji böhranı dərinləşir, Azərbaycan qazına və neftinə tələbat artır, lakin enerji qiymətləri dalğalanır. Azərbaycanın gəlirləri qısamüddətli yüksəlsə də, iqtisadi risklər (inflyasiya, bazar qeyri-sabitliyi) artır. Cənub Qaz Dəhlizi üzərində təzyiqlər və rəqabət güclənir (İran, Rusiya, Türkiyə marşrut rəqabəti).Təhlükəsizlik məsələsinə gəlincə, regionda “proksi toqquşmalar” riski arta bilər. Ermənistan, Qərbin dəstəyi ilə silahlanmağa başlayırsa, Azərbaycan-Türkiyə tandemi ilə yeni balans yaranır. Rusiya təsirini itirdiyi üçün “lokal böhranlar” sərhəd toqquşmaları mümkündür. Gürcüstan isə siyasi baxımdan qeyri-sabit qalır. Nəticədə Azərbaycan üçün iqtisadi mənfəət qısamüddətli, təhlükəsizlik riski isə uzunmüddətli olur. Regionda “sabitlik vakuumu” yaranarsa, daha çox müdafiə və diplomatik xərcə ehtiyac yaranacaq.Digər tərəfdən böyük razılaşma və yeni beynəlxalq sistem ssenarisi də var. ABŞ və Çin “qlobal sabitlik paktı”na nail olur, Rusiya təcriddən çıxır. Cənubi Qafqaz beynəlxalq əməkdaşlıq zonasına çevrilir. Qərb və Çin Orta Dəhlizdə birgə layihələr reallaşdırır, Bakı bu prosesin əsas mərkəzlərindən biri olur. Azərbaycan yaşıl enerji və tranzit mərkəzi kimi sürətlə inkişaf edir. Qaz ixracı azalsa da, yaşıl enerji, nəqliyyat, logistika və texnologiya sektoru güclənir. Bakı bəlkə də Qara dəniz vasitəsilə Avropaya enerji daşımalarının əsas qovşağına çevrilir. Xarici sərmayə axını bərpa olunur, region iqtisadi cəhətdən “yeni Avropa sərhədi” statusu qazanır.
Türkiyə və Azərbaycan NATO və Çinlə eyni anda əməkdaşlıq imkanları yaradır (çoxqütblü balans). Ermənistanla münasibətlər tam normallaşır, sərhədlər açılır, iqtisadi əlaqələr başlayır. Qafqazda 30 illik münaqişə dövrü faktiki olaraq bitir. Nəticədə Azərbaycan regionun bölgə lideri və strateji körpü rolunu tam formalaşdırır. Risk az, inkişaf potensialı çox yüksək.
Trampa meydan oxumaq variantı
Həm Çin, həm də Hindistanın Rusiya neft şirkətlərinə qarşı ABŞ sanksiyalarına məhəl qoymadan Trampa meydan oxumaq variantı var. Görünür, ABŞ prezidenti Donald Tramp Riçard Niksonun “dəli nəzəriyyəsini” rəhbər tutaraq (Güman edilir ki, Nikson xarici tərəfdaşlarını son dərəcə ehtiyatlı davranmağa məcbur etmək üçün onların gözlənilməzliyinə inandırmağa çalışıb – müəllif) Rusiya və Çini əhəmiyyətli güzəştlərə getməyə məcbur etməyə çalışır. Onun Rusiyanın neft nəhəngləri “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq etmək qərarı təkcə Rusiya iqtisadiyyatı üçün deyil, həm də Kreml və Pekin arasında enerji əməkdaşlığı üçün nəticələr verə bilər.2022-ci ildə Ukraynada münaqişə başlayana qədər Avropa Rusiya neftinin əsas idxalçısı idi. Çin 2017-ci ildən bəri onun ən böyük alıcısına çevrilsə də, bütövlükdə Avropa İttifaqı Moskvanın ən mühüm bazarı olaraq qalır. Bununla belə, Aİ-nin heç bir üzvü Pekinin idxal həcmini ötməyib. Qərbin sanksiyalarının tətbiqindən sonra Moskva neft tədarükünü şərqə yönəldib. Nəticədə, 2025-ci ilə qədər Rusiyanın xam neft ixracının təxminən 47%-i Çin, 38%-i isə Hindistanın payına düşür. Heç kimə sirr deyil ki, Pekin və Nyu-Dehli Rusiya neftinin güzəştli idxalından faydalanır.Buna görə də təəccüblü deyil ki, Çin dövlət korporasiyaları Rusiya neftinin alışını dayandırıb, Hindistan neftayırma zavodları isə idxalı əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır. Lakin bu, Pekin və Nyu-Dehlinin Moskva ilə enerji əməkdaşlığını tamamilə dayandırmağı planlaşdırması demək deyil. Belə bir addım onların iqtisadiyyatına mənfi təsir göstərə bilər.Ölkənin ikinci ən böyük neft emalı zavodu olan Hindistanın “Nayara Energy” şirkətinin artıq Qərbin sanksiyaları altında olduğunu nəzərə alsaq, o, demək olar ki, müxtəlif miqdarda Rusiya neftini almağa davam edəcək. Bu arada, Çinin 2026-cı il üçün qeyri-dövlət kanalları ilə neft idxalı üçün 257 milyon ton kvota təyin etdiyi bildirilir. Bu onu göstərir ki, dövlət şirkətləri Rusiyadan neft almağa davam etməsələr də, Pekinin hələ də özəl neftayırma zavodları vasitəsilə Rusiya neftinin idxalını davam etdirmək və ya hətta artırmaq imkanı var.2024-cü ildə Çin Rusiyadan rekord həddə - 108,5 milyon ton xam neft idxal edib. Bu, onun müəyyən edilmiş qeyri-dövlət idxal kvotası çərçivəsində satınalmaları daha da genişləndirmək üçün infrastruktura və maddi-texniki imkanlara malik olduğunu nümayiş etdirir. Aydındır ki, bu faktdan xəbərdar olan Donald Tramp Rusiya ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmaq və hətta tamamilə dayandırmaq üçün Çinə dolayı təzyiq göstərməyə çalışır. Onun tariflərlə bağlı hədələri bu strategiyanın bir hissəsidirmi? Nəzərə alsaq ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə sammitini təxirə salıb və bunun əvəzində Çin prezidenti Si Cinpinlə görüşə diqqət yetirib, onun əsas məqsədinin Rusiya neft şirkətlərinə ABŞ-ın sanksiyalarına əməl etmək müqabilində Pekinlə tarifləri azaltmaq barədə razılığa gəlmək ola bilər.Bununla belə, ən azı ucuz Rusiya neftinə etibarlı alternativ ortaya çıxana qədər Pekinin belə bir razılaşma ilə razılaşması çətin ki. Pekin “hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən birtərəfli sanksiyalara qarşı çıxır” və Moskva ilə enerji əlaqələrindən əl çəkməyəcəyini açıq şəkildə bildirir.
Çin İran neftini alarkən istifadə etdiyi strategiyadan istifadə edə bilər. Rəsmi olaraq Çin gömrüyü 2022-ci ilin iyul ayından bəri İrandan heç bir neft daşınması barədə məlumat verməyib. Bununla belə, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Çin İran neftinin ən böyük istehlakçısı olaraq qalır. Müstəqil Çin neft emalı zavodları İran neftini almağa davam edir, baxmayaraq ki, bir çox böyük özəl və dövlət şirkətləri bundan yayınmağa çalışırlar. Çinə gələn İran neftinin böyük hissəsi sanksiyaya məruz qalmış tankerlərdən birbaşa daşınmaq əvəzinə, Fars körfəzindəki və ya Malakka boğazındakı sanksiyalaşdırılmamış tankerlərə ötürülür.Hindistan digər ölkələrdən nümunə götürüb Rusiya neftini almağa davam edə bilsə də, görünür, Azərbaycan və Nigeriya kimi istehsalçılardan neft almaqla idxalını diversifikasiya etmək qərarına gəlib. Hindistanın hərəkətləri, Çin dövlət şirkətləri tərəfindən Rusiya neftinin idxalını dayandırması ilə birlikdə Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.Hesablamalara görə, “Rosneft” və “Lukoyl”un ixracının 5-10% azalması, enerji endirimləri ilə birlikdə Rusiya büdcəsinin gəlirlərinin ayda təxminən 1,5 milyard dollar azalmasına səbəb ola bilər. Eyni zamanda Putin Amerika sanksiyalarının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyini iddia edir. Kremlin Qərbi Ukraynada mümkün atəşkəs üçün ilkin şərt kimi sanksiyaları ləğv etməyə çağırması Moskvanın onların iqtisadi nəticələrindən narahat olduğunu göstərir. Lakin bu, prezident Putinin Trampa güzəştə getməyə hazır olacağı anlamına gəlmir. Putinin Rusiya iqtisadiyyatının dayanıqlılığı ilə bağlı açıqlamasını şərh edən Tramp, "Onun belə düşünməsinə şadam. Altı ay ərzində sizə xəbər verəcəyəm. İşlərin necə olacağını görəcəyik" deyib.Bu arada, Rusiya çox güman ki, neft ixracatının coğrafiyasını genişləndirməyə çalışacaq. Bu, çətin iş olacaq, çünki az sayda ölkə ABŞ-ın ikinci dərəcəli sanksiyaları ilə üzləşmək riskinə hazırdır. Bu arada, Rusiya siyasətçiləri Çinin neft idxalını azaltmaq istəyinə diqqət yetirməlidirlər. 2025-ci ilin birinci yarısında Rusiya Çinə 49,1 milyon ton neft ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8% azalıb.Bundan başqa, 2025-ci ilin ilk doqquz ayında Rusiya büdcəsinin neft və qaz satışından əldə etdiyi gəlirlər ötən illə müqayisədə 20% azalıb. Buna görə də Pekin ABŞ sanksiyalarına məhəl qoymamaq qərarına gəlməsə və istər dövlət, istərsə də özəl neftayırma zavodları vasitəsilə Rusiya neftini almağa davam etməsə, Kreml Ukraynada öz iqtisadiyyatını saxlamaqda və strateji məqsədlərinə çatmaqda çətinlik çəkəcək.

V.VƏLİYEV

Digər xəbərlər