PDF Oxu

Siyasət

  • 2 290

Qlobal iqtisadi müharibə: Trampın Asiya turnesində ABŞ Çin qarşısında fiaskoya uğradı - ANALİZ

image

Donald Tramp və Si Cinpin arasında keçirilən görüşdən sonra müəyyən edilən ABŞ-Çin ticarət sazişi analitiklər tərəfindən hər iki tərəfin qələbəsi kimi deyil, əksinə Çinin qeyd-şərtsiz qələbəsi kimi qiymətləndirilir.

Sazişin şərtlərinə Çinə qarşı 10% tarif endirimi daxildir ki, bu da effektiv tarif dərəcəsini 47%-ə çatdırır. Analitiklər hesab edir ki, Çinə qarşı tariflərin azaldılması, eyni zamanda bəzi digər əsas tərəfdaşlara (o cümlədən Aİ ölkələrinə) qarşı tarifləri saxlamaq Çin ixracatçılarının rəqabət qabiliyyətini artıra bilər. ABŞ həmçinin digər güzəştlərə də hazırdır, xüsusən də müəyyən Çin şirkətlərinin ABŞ-a məhsul tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və Çinə yarımkeçirici ixracına nəzarəti əhəmiyyətli dərəcədə yumşaltmağa.

Vaşinqton bunun müqabilində, digər şeylərlə yanaşı, Çinin soya alışını artıracağını gözləyir. Amerika soya tədarükçüləri üçün Çin əsas bazar olaraq qalır (ixracın yarısından çoxunu təşkil edir). Pekin isə Donald Trampın ilk prezidentlik müddətindən bəri soya idxalını şaxələndirir - daxil olan məlumatlara görə, ölkənin ehtiyatları (Braziliyadan alınan ehtiyatlar da daxil olmaqla) artıq tələbatı xeyli üstələyir.

Çinin əsas güzəşti, qeyd edildiyi kimi, nadir torpaq elementlərinin "maneəsiz" ixracı olacaq- bu cür təchizatlara nəzarət bir il müddətinə qaldırılacaq. Qeyd etmək lazımdır ki, Çin nadir torpaq elementləri bazarında dominantlıq edir və qlobal tədarükün 90%-dən çoxunu istehsal edir. Bu materiallara tələbat yüksək olaraq qalır və onlar enerji və mikroelektronika da daxil olmaqla geniş sektorlarda vacibdir. Ekspertlər hesab edirlər ki, açıq ticarət qarşıdurması təcrübəsi hər iki tərəf üçün mənfi nəticələrə səbəb olub, lakin ABŞ-ın zərəri daha çoxdur.

Analitik Asif Şəfəqqətovun fikrincə, Tramp-Si görüşündə Çin ABŞ-a və bütün dünyaya kimin kimdən asılı olduğunu göstərdi: “Əvvəl baxaq Tramp bu görüşdə nələrə nail olmaq istəyirdi (ən vacib olanlar):

1. Çinin nadir elementlər (NE), NE tərkibli məmulatlar, NE hasilatı və emalı üzrə texnika və texnologiyaların ixracı sahəsində sərtləşdirdiyi qaydaların ləğv etməsini;

2. Rusiyadan neft alışını dayandırmasını;

3. ABŞ-dan soya alışını bərpa etməsini;

4. ABŞ-dan neft-qaz alışını bərpa etməsini;

5. Fentanil üçün prekursorların ixracını dayandırmasını.

İndi isə baxaq ki, nəyə nail oldu (eyni ardıcıllıqla):

1. NE üzrə Trampın bravadasına baxmayaraq, heç bir razılıq əldə olunmadı. Çin tərəfi bu haqda bir kəlmə də yazmadı. Məntiqlə, bu məsələdə Çinin mövqeyi yumşala bilməz.

2. Heç nə dəyişmədi. Heç Tramp da bu məsələdən danışmadı. Yəqin ki, çox sərt cavab alıb.

3. Soya alışı qismən (əvvəlki həcmin 20-30%-dək) bərpa edilə bilər.

4. ABŞ-dan neft-qaz alışı da qismən bərpa edilə bilər.

5. Çin tərəfi dəqiq öhdəlik götürmədi, lakin dedi ki, bu məsələyə baxarıq (yola verdi).

Əvəzində Tramp fentanilə görə Çin mallarına qoyduğu 20%-lik tarifi 10%-ə endirdi və Çinin NE qadağasına görə guya 1 noyabrdan Çin mallarına tətbiq edəcəyi 100%-lik əlavə tarifi ləğv etdi”.

Analitik hesab edir ki, bu məcburi addım idi, çünki ABŞ-ın başqa yolu qalmamışdı: “Tramp 100%-lik tarifi tətbiq etməmək, əvvəlki tarifləri azaltmaq üçün bəhanə axtarırdı. Çünki qarşıda Halloven və Milad bayramları var. Bu bayramlar əhalinin ən çox alış-veriş etdiyi dövrdür. Alınan hədiyyələrin isə 90%-i Çin məhsullarıdır. Onların bahalı olması Konqresə aralıq seçkilər qabağı Trampın reytinqinə çox pis təsir edə bilərdi. Çin mallarının bahalaşması biznesin də narazılığına səbəb olur.Yəni ABŞ-ın vəziyyəti elə idi ki, Tramp onsuz da Çinə qarşı tarifləri yumşaltmalı idi. Sadəcə, pərt olmamaq üçün ona "quyruq" lazım idi. Si də onu tam pərt etməmək üçün xırda-xuruş güzəştə getdi”.

Asif Şəfəqqətov qeyd edir ki, görüşün Tramp üçün uğursuz olduğunu göstərən başqa məqamlar da var: “Görüşdə heç bir sənəd imzalanmadı və brifinq olmadı. Ortaq qərara gəlinsəydi, mütləq jurnalistlərə bildirilərdi. Xüsusən də narsist Tramp bu fürsəti buraxmazdı”.

Ekspert bir məqama da diqqət çəkir: “Tramp C.Koreyaya niyə gəlmişdi? Rəsmi səbəb kimi onun APEC sammitində (31 oktyabr - 1 noyabr) iştirakı göstərilmişdi. Sammit çərçivəsində o, Si ilə görüşməli idi. Tramp Si ilə 30 oktyabrda görüşdü və sammitdə iştirak etmədən geri qayıtdı. Burdan hansı nəticə çıxır? APEC sammiti bəhanə idi, Tramp təcili Si ilə görüşməli idi. Niyə təcili? Çünki Halloven başlayır– qiymətlər endirilməlidir, buna görə də 1 noyabrdan tətbiq edəcəyini dediyi 100%-lik tarifi ləğv etməlidir”.

Analitik görüşün keçirilmə yeri və vaxtının da xüsusi olaraq seçildiyini deyir: “APEC sammitinin tarixini ABŞ müəyyən etmişdi ki, 1 noyabradək Si ilə görüşə bilsin. Si onunla görüşməyə tələsmirdi. Tramp özü onun "ayağına" getməmək üçün 3-cü ölkə – C.Koreyanı seçmişdi. Hər şey yaxşı planlaşdırılmışdı, amma Çin yenə lovğa amerikanlara yerlərini göstərdi. Si Trampla sammit çərçivəsində görüşməkdən imtina etdi və 1 gün əvvəl görüşməyi təklif etdi. Trampın razılaşmaqdan başqa çarəsi yox idi. Bununla da Si bütün dünyaya göstərdi ki, Tramp məhz onunla görüşmək üçün C.Koreyaya gəlmişdi. Qısası, bu görüşlə Çin ABŞ-a və bütün dünyaya kimin kimdən asılı olduğunu göstərdi”.

Ümumiyyətlə, Tramp Asiya turnesi çərçivəsində Malayziya (ASEAN sammiti), Yaponiya və C.Koreyaya (APEC sammiti) səfər etdi. Analitik hesab edir ki, artıq Asiya-Sakit okean hövzəsi ABŞ-ın siyasətində 1-ci dərəcəli əhəmiyyət daşıyır: “Bu regionun əhəmiyyəti ondadır ki, dünya əhalisinin yarısı bu regionda yaşayır və region ölkələrinin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu 2 amil onu dünyanın ən perspektivli bazarına çevirir. Bazarlar uğrunda mübarizə isə imperializmin atributudur. Lakin bu bazarın sahibi var artıq– Çin. O bazarı iqtisadi rəqabətdə qazanıb. ABŞ onu Çindən almaq istəyir, lakin bunu Çinlə iqtisadi rəqabətdə etmək iqtidarında deyil. Deməli 2 yolu qalır:

1. Çini bazardan zorla qovmaq;

2. Bölgə ölkələrini Çinlə əməkdaşlıqdan zorla çəkindirmək.

ABŞ paralel olaraq hər iki yoldan istifadə edir. Əvvəl 1-ci yola daha çox üstünlük verirdi, çünki Çini qorxutsaydı, qalan ölkələri Çinlə münasibəti kəsməyə məcbur etməyə ehtiyac qalmayacaqdı – onlar avtomatik ABŞ-a tərəf dönəcəkdilər. Buna görə ABŞ hərbi doktrinasını dəyişdi, Çini 1 N-li düşməni elan etdi, Çinə qarşı çoxsaylı siyasi və iqtisadi sanksiyalar tətbiq etdi, Tayvanı Çinə qarşı “Ukraynaya” çevirdi, Çin ətrafında müxtəlif hərbi birliklər yaratdı, bölgə ölkələrində hərbi bazalarını artırdı, Çinin ətrafında potensial münaqişə ocaqları yaratdı, Çinin “Qurşaqlar və yollar” layihəsinin reallaşmaması üçün əlindən gələni etdi, Çini dəniz blokadasına almaq üçün tədbirlər gördü və s”.

Lakin bütün bunlara qarşı Çinin də öz əks-addımları olmalı idi. Pekin nə etdi? Ekspert əsas addımları sıraladı: “Cavab olaraq Çin Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı, bölgə ölkələri ilə iqtisadi bağları gücləndirmək üçün onlara daha əlverişli şərtlərlə yuan kreditləri verməyə başladı, ordusunu görünməmiş sürətlə müasir texnika ilə təchiz etməyə başladı, nüvə silahlarını artırdı, SWIFT sistemindən kənar ödənişlər sistemini yaratdı və tətbiq edir, ümumiyyətlə, Rusiya təcrübəsində gördüyü Qərbin təzyiq alətlərinin hər birinə qarşı cavab tədbirləri gördü.

Artıq ABŞ başa düşür ki, Çini regiondan zorla qova bilməyəcək, ona qarşı hərbi güc tətbiq etməyin də perspektivi yoxdur. Buna görə indi üstünlüyü 2-ci yola verib. Trampın son Asiya turnesi ABŞ-ın bu yolda uğurlarını nümayiş etdirməli, sonda isə Tramp regionun triumfatoru kimi Si ilə görüşməli idi. Bu Trampın arzusu idi”.

Bəs reallıqda necə oldu? Tramp regionun böyük dövlətlərinə şərtlərini qəbul etdirə bildimi? A. Şəfəqqətov hesab edir ki, bu səfər tam fiaskoya uğradı və heç bir ölkəyə təzyiq edib şərtləri qəbul etdirmək mümkün olmadı.

“Regionun ən böyük ölkələrindən biri, ABŞ-ın Çinə qarşı blokda ən çox ümidlər bəslədiyi Hindistanın baş naziri Narendra Modi Trampla görüşə gəlmədi. Səbəb kimi Divali bayramının onun üçün daha vacib olduğu bildirildi.

Tramp Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşdü. Takaiçi sabiq baş nazirin boynuna qoyulan $550 milyardlıq investisiyanı guya təsdiq etdi. Guya Toyota da ABŞ iqtisadiyyatına $10 milyard investisiya qoyacaq. Hərçənd sabahı gün Toyota rəhbərlərindən biri onların belə bir planı olmadığını bildirdi. Tramp Yaponiyadan tələb etdi ki, Rusiyadan maye qaz almağı dayandırsın, tələb olunan maye qazı ABŞ sata bilər. Takaiçi etiraz etdi ki, bu mümkün deyil, çünki Rusiya Yaponiyanın maye qaz idxalının 9%-ni verir. Amma demədi ki, Yaponiya Rusiyadan qaz alışını daha da artıracaq, çünki “Saxalin-2” qaz yatağı konsorsiumunun üzvlərindən biridir (sanksiyalara baxmayaraq, layihədən çıxmayıb) və konsorsium üzvü kimi qazı ucuz qiymətə alır. Ərazisində hərbi baza saxladığı ölkə də ona etiraz etdi! Növbəti fiasko!

C.Koreyaya səfəri çərçivəsində Tramp Şimali Koreya lideri Kim Çen İnlə, əvvəlki kimi, iki Koreya arasındakı demilitarizasiya zonasında görüşməyi planlaşdırmışdı. Bununla o, Çinə və Rusiyaya göstərmək istəyirdi ki, istəsəm, sizin “dostunuzu” da öz tərəfimə çəkə bilərəm. Lakin “iş qrafiki imkan vermədiyi üçün” yoldaş Kim görüşdən imtina etdi. Məsələ bununla bitsəydi, dərd yarı idi. Tramp C.Koreyaya gələn kimi yoldaş Kim okeana bir ballistik raket guppuldatdı – guya sınaq keçirirdi. Belə bir hadisə indiyədək olmamışdı– ABŞ prezidentinin gəldiyi vaxt ballistik raket atmaq?! Məgər 1-2 gün təxirə salmaq olmazdı? Mesaj aydındır. Yəni səndən qorxan yoxdur- ABŞ-dan “barmaq silkələməyi” özün üçün saxla! Yenə fiasko!

ABŞ-ın C.Koreyanın sabiq prezidentinin boynuna qoyduğu $350 milyardlıq investisiyanı yeni prezident Li Çje Myon təsdiq etmədi. Bu da bir fiasko!”.

Bu qədər fiaskodan sonra Tramp APEC sammitini gözləmədən başılovlu ABŞ-a qayıtdı. Göründüyü kimi, ABŞ qlobal dominatlığını getdikcə daha çox itirir- həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə. Çin isə bütün sahələrdə yüksəlişdədir. Nəzərə alsaq ki, Çin anti-qərb koalisiyasının üzvüdür və Rusiya, Hindistan kimi böyük dövlətlər başda olmaqla bir çox ölkənin birləşdiyi siyasi, iqtisadi birliklərin (BRİCS, ŞƏT və s) əsas iştirakçısıdır, bu halda dünyanın güc mərkəzinin Qərbdən Şərqə keçməsi daha yaxşı aydın olur.

Elçin Bayramlı

Digər xəbərlər