Kəlbəcər Azərbaycanın zəngin tarixə malik dağ rayonlarından biridir. Rayonun adı qədim türk dilində “çay üstündə qala” mənasını verir. Bu ad bölgənin strateji mövqeyini və çay boyunca yerləşən qədim yaşayış yerlərini göstərir. Kəlbəcər ərazisində Tərtər çayı boyunca cərgə ilə düzülmüş süni mağaralar mövcuddur. Burada 30 min ildən çox tarixi olan yaşayış məskənləri aşkar edilib. Rayon ərazisində 6 min illik qaya təsvirləri və qədim türk əlifbası nümunələri mövcuddur. Bu daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün göstəricisi kimi qiymətləndirilir. Atəşpərəstlik və xristianlıqla yanaşı VII əsrdən İslam dini burada yayılmağa başlamışdır. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən yüksək zirvələri Camışdağ (3724 m) və Dəlidağ (3616 m)dır. Rayonun böyük hissəsi meşəlik ərazidir və zəngin bitki örtüyü ilə seçilir. Kəlbəcər qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı və cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonuna inzibati status 1930-cu ildə verilmişdir. İşğala qədər əhalisi 53 478 nəfər idi. Rayonun ümumi sahəsi 3054 kvadrat kilometrdir. Burada 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati dairə mövcud idi.
1993-cü il 2 aprel tarixində Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin həlak olmuş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində rayon əhalisi ölkənin 770 yaşayış məntəqəsinə məcburi köçürülmüşdür. Bu dövrdə onlarla tarixi-mədəniyyət abidəsi dağıdılmış, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə və 23 ambulatoriya yararsız hala gətirilmişdir. Minlərlə mənzil, inzibati binalar, texnika və sərvət talan edilmişdir. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrdən dərhal çıxması tələb olunmuşdur. Lakin Ermənistan bu Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə icrasını təmin etməmişdir.
Ermənistanın 1999-cu ildən qeyri-qanuni məskunlaşdırma siyasəti də bölgəyə zərbə vurmuşdur. Vətən müharibəsi zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Strateji yüksəkliklərin ələ keçirilməsi Ermənistan ordusunun hərəkətlərini məhdudlaşdırmışdır. Bu uğurlar siyasət, hərbi güc, strateji və taktiki planlamanın nəticəsi olmuşdur. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana təhvil verilmişdir. Bəyanat şərtlərinə görə, ermənilər Kəlbəcəri tərk etmiş, evləri, bağları yandırmış və vandalizm göstərmişdir. İşğal zamanı ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq hüquqa görə hərbi cinayət sayılır.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi