PDF Oxu

Sosial

  • 619

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

image

“Müasir dövrdə bir çox insan idman zallarına getməyə vaxt və ya maddi imkan tapa bilmir. Lakin bu, sağlam və aktiv həyat tərzindən uzaq qalmaq üçün bir səbəb deyil. Əksinə, ev şəraitində, heç bir alət istifadə etmədən belə bədən formasını qorumaq və əzələləri gücləndirmək mümkündür. Evdə fitnes həm vaxt baxımından səmərəlidir, həm də rahat və sərfəlidir. Alətsiz hərəkətlərin əsas üstünlüyü ondan ibarətdir ki, onları istənilən vaxt, istənilən məkanda, minimal hazırlıqla yerinə yetirmək olur. Üstəlik, bu cür məşqlər bədənin öz çəkisini istifadə edərək əzələlərin aktivləşdirilməsinə və dözümlülüyün artırılmasına kömək edir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin sözlərinə görə, evdə idman etmək həm fiziki sağlamlığa, həm də zehni rifaha töhfə verir. Təkcə bədən quruluşunu yaxşılaşdırmaqla kifayətlənmir, həm də stresin azalmasına və əhvalın yüksəlməsinə səbəb olur. Bəzi insanlar düşünür ki, effektiv məşq üçün mütləq ağırlıqlar, trenajorlar və ya kompleks avadanlıqlar lazımdır. Lakin düzgün planlaşdırılmış və ardıcıl tətbiq olunan alətsiz məşqlərlə də eyni nəticələri əldə etmək mümkündür. İnsanlar fərqli yaradılmışdır. Sizin bədən formanız, çəkiniz, yaşınız, bədəninizin maddələr mübadiləsi sistemi və məqsədləriniz hamı ilə eyni ola bilməz, ona görə də məşq proqramınız sizə məxsusi olmalıdır. Bu idmanın ən gözəl tərəfi isə başlamaq üçün hansısa bir yaş məhdudiyyətiniz və ciddi qaydalarınız olmamasıdır. Sadəcə olaraq, sizə uyğun bir hədəf təyin edib başlaya bilərsiniz.

“İdman sizi gümrah saxlamaq, xarakterinizi inkişaf etdirmək və sağlam həyat tərzi üçün vacibdir. Məşqlərdən əvvəl mütləq isinmə hərəkətləri edin, məşqlərinizi idman geyimində edin və mümkün qədər tək məşq etməyin, yanınızda bir yoldaşınız olsun ki, zədələnmə hallarından maksimum qoruna biləsiniz. Hərəkətləri tələsmədən, yavaş-yavaş və hiss edərək edin. Qidalanmanıza, istirahətinizə xüsusilə diqqət yetirin, bu, ən az məşq qədər önəmlidir” – deyə G.Quliyev əlavə edib.

Afət Tahirqızı

Digər xəbərlər